Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"ABŞ və İran Yaxın Şərqdə baş verə biləcək növbəti müharibədən heç nə qazanmayacaq və belə bir qarşıdurma bütün regionda qeyri-sabitliyə səbəb olacaq".
Oxu.Az TASS-a istinadən bildirir ki, bu fikirləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian səsləndirib.
O, Əbdülfəttah əs-Sisi ilə telefon danışığı zamanı bildirib ki, İran heç vaxt müharibə tərəfdarı olmayıb və hazırda da belə bir niyyəti yoxdur. Prezidentin sözlərinə görə, müharibə nə İranın, nə ABŞ-nin, nə də bütövlükdə regionun maraqlarına cavab verir.
"İran İslam Respublikası heç bir formada müharibə istəməyib və istəmir. Biz dərindən əminik ki, müharibə nə İranın, nə ABŞ-nin, nə də Yaxın Şərq regionunun xeyrinədir", - deyə M.Pezeşkian vurğulayıb.
O həmçinin ümid etdiyini bildirib ki, ABŞ administrasiyası Tehranı təhdid və güc yolu ilə danışıqlara məcbur etməyin mümkünsüzlüyünü artıq anlayıb. Prezident qeyd edib ki, İran ərazisinə ediləcək hər hansı təcavüz və ya hücum qətiyyətli və sərt cavabla qarşılanacaq. Bununla yanaşı, Tehran diplomatik yollarla problemin həllini axtarmaqda davam edir.
Qeyd edək ki, yanvarın 26-da Donald Tramp İrana doğru böyük bir armadanın irəlilədiyini bəyan edib. O, Tehranın danışıqlar masasına əyləşərək nüvə silahından tam imtina etməyi nəzərdə tutan bir razılaşmanın olacağına ümid etdiyini söyləyib.