Icma.az bildirir, Bakivaxti portalına istinadən.
İran ətrafında son günlər baş verən hadisələr Yaxın Şərqdə hərbi qarşıdurma ilə diplomatik təşəbbüslərin paralel şəkildə davam etdiyini göstərir.
Bir tərəfdən ABŞ-nin Tehrana qarşı hərbi və iqtisadi təzyiqləri, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı problemlər, nüvə proqramı ətrafındakı fikir ayrılıqları regionda qeyri-müəyyənliyi dərinləşdirir. Digər tərəfdən isə Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və Pakistan kimi regional aktorlar qarşıdurmanın daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün diplomatik imkanlarını səfərbər etməyə çalışırlar. Məhz belə bir şəraitdə İran Prezidenti Məsud Pezeşkianın Türkiyəyə səfəri xüsusi siyasi əhəmiyyət qazanır. İran Prezidentinin Antalyada keçirilən beynəlxalq iqlim sammitində iştirakı və müxtəlif dövlətlərin rəhbərləri ilə nəzərdə tutulan görüşləri regional diplomatiyanın gələcəyi baxımından diqqət çəkir. Səfərin rəsmi gündəliyi iqlim diplomatiyası olsa da, mövcud geosiyasi şərait onun siyasi məzmununu daha da genişləndirir. Tehran üçün Antalya sammiti beynəlxalq təcrid risklərini azaltmaq, müxtəlif dövlətlərlə birbaşa siyasi təmasları artırmaq və ABŞ ilə qarşıdurmada öz mövqeyini beynəlxalq auditoriyaya çatdırmaq baxımından mühüm platformadır.
Pezeşkianın Türkiyəyə səfərinin diqqətçəkən tərəflərindən biri İranın beynəlxalq ictimaiyyətə təqdim etmək istədiyi siyasi mesajlarla bağlıdır. İran Prezidenti ABŞ və İsrailin hərbi əməliyyatlarının ölkəsinin ətraf mühitinə vurduğu zərərləri beynəlxalq gündəmə çıxarmaq niyyətini ifadə edib. Bu yanaşma Tehranın hərbi qarşıdurmanı yalnız təhlükəsizlik məsələsi kimi deyil, həm də humanitar və ekoloji problem kimi təqdim etməyə çalışdığını göstərir. İran bununla beynəlxalq ictimai rəydə özünə müəyyən diplomatik dəstək formalaşdırmaq, ABŞ və İsrailin hərbi siyasətinə qarşı tənqidi mövqeləri gücləndirmək niyyətindədir. Lakin burada mühüm məqam ondan ibarətdir ki, İranın beynəlxalq platformalarda fəallığı onun qarşılaşdığı fundamental problemləri avtomatik həll etmir. Nüvə proqramı ilə bağlı etimad böhranı, iqtisadi sanksiyalar, regional təhlükəsizlik problemləri və Hörmüz boğazındakı gərginlik Tehranın xarici siyasət imkanlarını məhdudlaşdırmaqda davam edir. Üstəlik, hərbi qarşıdurmanın yaratdığı enerji böhranı beynəlxalq iqtisadi münasibətlərə də təsir göstərir. Hörmüz boğazında enerji daşımalarının təhlükəsizliyinin zəifləməsi neft və təbii qaz bazarlarında qeyri-müəyyənliyi artırır, daşınma və sığorta xərclərini yüksəldir. Beləliklə, İran böhranı artıq yalnız regional təhlükəsizlik məsələsi deyil, qlobal enerji və iqtisadi sabitliyə təsir göstərən amilə çevrilib.
Türkiyənin bu prosesdəki mövqeyi isə daha mürəkkəb geosiyasi hesablamalara əsaslanır. Ankara İranla qonşuluq münasibətlərini, iqtisadi əlaqələrini və regional sabitliyi qorumaqda maraqlıdır. Eyni zamanda Türkiyə NATO üzvüdür, ABŞ ilə strateji münasibətlərə malikdir və Yaxın Şərqdə öz təhlükəsizlik maraqlarını müstəqil şəkildə müdafiə etməyə çalışır. Bu baxımdan Ərdoğan administrasiyasının siyasətini İranın mövqelərinin qeyd-şərtsiz müdafiəsi kimi qiymətləndirmək doğru olmazdı. Ankara üçün əsas prioritet İran ətrafında müharibənin genişlənməsinin qarşısını almaq, sərhədlərində yeni təhlükəsizlik böhranının yaranmasına imkan verməmək və regional diplomatiyada təsir imkanlarını artırmaqdır. Ərdoğanın BMT Baş katibi Antonio Quterreşlə təmaslarında ABŞ-İran gərginliyinin azaldılması məsələsinin gündəmə gətirilməsi də bu siyasətin davamlı xarakter daşıdığını göstərir. Türkiyə regional dövlətlərlə birlikdə diplomatik həll imkanlarını genişləndirməyə çalışır. Bu isə Ankaranın yalnız Tehranla ikitərəfli münasibətlərini deyil, bütövlükdə Yaxın Şərqdə diplomatik təşəbbüskarlığını gücləndirmək istədiyini nümayiş etdirir. Bununla belə, Türkiyənin vasitəçilik imkanlarının real nəticəyə çevrilməsi həm Vaşinqtonun, həm də Tehranın qarşılıqlı güzəştlərə hazırlığından asılı olacaq.
Son günlərin diplomatik təmasları göstərir ki, Türkiyə İran böhranının həlli istiqamətində müəyyən konkret mexanizmlər üzərində də işləyir. Türkiyənin xarici işlər naziri Hakan Fidanla İranın xarici işlər naziri Abbas Əraqçi arasında aparılan müzakirələr, eləcə də Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının regional tərəfdaşlarla təmasları Ankaranın prosesdə fəal iştirak etmək niyyətindən xəbər verir. Diplomatik müzakirələrdə İranın nüvə proqramı, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və iqtisadi sanksiyaların gələcəyi əsas məsələlər kimi ön plana çıxır. Burada ən ciddi problem tərəflərin qarşılıqlı öhdəliklərin icra ardıcıllığı ilə bağlı fərqli mövqeləridir. Tehran iqtisadi təzyiqlərin aradan qaldırılmasını və sanksiyaların yumşaldılmasını tələb etdiyi halda, Vaşinqton nüvə proqramı və regional təhlükəsizlik sahəsində konkret təminatların əldə olunmasına üstünlük verir. Əslində, bu ziddiyyət ABŞ–İran münasibətlərində uzun illərdir davam edən etimadsızlığın nəticəsidir. Türkiyə isə tərəflərin mövqeləri arasında müəyyən ortaq məxrəc tapmaqla diplomatik prosesin tamamilə dayanmasının qarşısını almağa çalışır. Ancaq vasitəçilik təşəbbüslərinin uğuru yalnız diplomatik fəallıqdan deyil, həm də tərəflərin siyasi iradəsindən və mümkün razılaşmanın icrasına nəzarət mexanizmlərindən asılıdır.
Məsələnin digər mühüm tərəfi Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistanla inkişaf etdirdiyi təhlükəsizlik əməkdaşlığının İran böhranına mümkün təsiridir. Bu dövlətlər arasında müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin genişlənməsi Yaxın Şərqdə yeni regional əməkdaşlıq mexanizmlərinin formalaşdığını göstərir. Ən maraqlı məqam isə ondan ibarətdir ki, Ankara və onun tərəfdaşları təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməklə yanaşı, Tehranla diplomatik əlaqələri də davam etdirirlər. Bu, regional dövlətlərin yalnız ABŞ-nin təhlükəsizlik siyasətinə əsaslanan ənənəvi yanaşma ilə kifayətlənmək istəmədiklərini, eyni zamanda öz aralarında dialoq və böhranların idarə olunması mexanizmləri yaratmağa çalışdıqlarını göstərir. Bununla belə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın maraqları bütün məsələlərdə üst-üstə düşmür. Xüsusilə İranın regional hərbi fəaliyyəti, nüvə proqramı və Hörmüz boğazındakı addımları Körfəz dövlətləri üçün ciddi təhlükəsizlik narahatlığı yaradır. Ona görə də bu əməkdaşlığı İrana dəstək verən vahid siyasi blok kimi deyil, regionda müharibə risklərini azaltmağa və qüvvələr balansını qorumağa çalışan dövlətlərin praqmatik tərəfdaşlığı kimi qiymətləndirmək daha məqsədəuyğundur. Türkiyənin diplomatik uğuru da məhz fərqli maraqları olan bu dövlətlər arasında ortaq təhlükəsizlik yanaşması formalaşdırmaq bacarığından asılı olacaq.
Bütün bu prosesləri ümumiləşdirdikdə, Pezeşkianın Türkiyə səfərinin İran böhranında mühüm diplomatik imkan yaratdığı, lakin hələlik qarşıdurmanın həllinə zəmanət vermədiyi qənaətinə gəlmək olar. İran hazırda eyni vaxtda bir neçə ciddi problemlə üzləşir: ABŞ-nin hərbi və iqtisadi təzyiqləri, nüvə proqramı ətrafında beynəlxalq etimadsızlıq, enerji infrastrukturu və dəniz nəqliyyatının təhlükəsizliyi, eləcə də qarşıdurmanın yaratdığı iqtisadi çətinliklər. Belə şəraitdə Tehran üçün Türkiyə ilə münasibətlərin qorunması və regional diplomatik kanalların açıq saxlanılması mühüm əhəmiyyət daşıyır. Ankara isə bu prosesdən regional diplomatiyada mövqeyini gücləndirmək, ABŞ ilə İran arasında mümkün razılaşmanın formalaşmasında iştirak etmək və Yaxın Şərqdə sabitliyin təmin olunmasına töhfə vermək üçün istifadə etməyə çalışır. Azərbaycan baxımından da bu proseslər xüsusi əhəmiyyət kəsb edir. Çünki İran ətrafında sabitliyin pozulması Cənubi Qafqazın təhlükəsizliyinə, regional nəqliyyat dəhlizlərinə, enerji bazarlarına və sərhədyanı iqtisadi əlaqələrə birbaşa təsir göstərə bilər. Azərbaycanın strateji müttəfiqi olan Türkiyənin diplomatik fəallığı regionda gərginliyin azaldılması baxımından əlavə imkanlar yaradır. Nəticə etibarilə, qarşıdakı mərhələdə əsas məsələ Pezeşkianın Antalya səfərinin hansı siyasi bəyanatlarla yadda qalması deyil, Türkiyənin vasitəçilik təşəbbüslərinin Vaşinqtonla Tehran arasında real və icra oluna bilən razılaşmaya çevrilib-çevrilməyəcəyidir. Əgər diplomatik səylər nəticəsiz qalarsa, İran üzərində təzyiqlərin artması və regional qarşıdurmanın yeni mərhələyə keçməsi ehtimalı yüksək olaraq qalacaq.
Alim Nəsirov