Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsinin qaçırıldığı iddia olunub.
Axşam.az xəbər verir ki, “Flydubai” aviaşirkətinə məxsus, göyərtəsində 174 sərnişinin olduğu təyyarə qeyri-adi şəkildə Səudiyyə Ərəbistanına yönləndirilib.
İlkin məlumatlara görə, təyyarə əvvəlcə fövqəladə vəziyyət, daha sonra isə qaçırılma siqnalı verib. Hadisə ilə bağlı İsrail Hərbi Hava Qüvvələrinin iki qırıcısı havaya qaldırılıb.
Lakin sonradan İsrailin “Channel 12” kanalı qaçırılma siqnalının pilotlar arasında baş verən mübahisə səbəbindən verildiyini açıqlayıb. Bildirilib ki, pilot kabinəsində başlayan dava bir neçə dəqiqə davam edib.
Məlumata görə, pilotlardan biri rusiyalı, digəri isə ukraynalıdır. Mübahisənin səbəbi açıqlanmayıb. Təyyarə Səudiyyə Ərəbistanına endikdən sonra hər iki pilot hava gəmisindən çıxarılıb.
“Flydubai” da həmin reysdə pilotlar arasında mübahisə baş verdiyini təsdiqləyib.
***
“Flydubai” aviaşirkəti Dubaydan Təl-Əvivə uçan təyyarədə baş verən insidentlə bağlı rəsmi açıqlama yayıb.
Şirkətdən Axşam.az-a bildirilib ki, sentyabrın 30-da Dubay Beynəlxalq Hava Limanından (DXB) Ben-Qurion Beynəlxalq Hava Limanına (TLV) uçan FZ 1073 nömrəli reys zamanı hava gəmisində insident baş verib.
Məlumata görə, təyyarə Səudiyyə Ərəbistanının Tabuk (TUU) hava limanına təhlükəsiz eniş edib. Bütün sərnişinlərin təhlükəsizliyi təmin olunub və onların hamısı qeydiyyata alınıb.
“Şirkət olaraq sərnişinlərimizin və ekipaj üzvlərimizin təhlükəsizliyi və rifahını ən yüksək prioritet hesab edirik. Komandalarımız aidiyyəti qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Əlavə təsdiqlənmiş məlumatlar əldə olunduqca ictimaiyyətə növbəti açıqlamalar təqdim ediləcək” deyə, açıqlamada bildirilib.