Pinqvin mübahisəsi: reallıq niyə romantik təqdim olunur?

26.01.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Məşhur rejissor Verner Hersoqun 2007-ci ildə çəkdiyi Antarktikada çəkdiyi “Dünyanın sonundakı görüşlər” sənədli filmindən olan kadr illər sonra yenidən gündəmə gəlib.

Ölkə.Az xəbər verir ki, buna səbəb sağ qalma ehtimalı olmadığı halda bir pinqvininin koloniyadan ayrılaraq təkbaşına əks istiqamətə getməsidir.

Sosial şəbəkə istifadəçiləri “nihilist” adlandırdıqları pinqvini emosional tükənmənin və dərin düşüncələrin simvoluna çeviriblər. 

Artıq günlərdir pinqvinlə bağlı Azərbaycanda da sosial platformalarda müzakirələr davam edir.

Marketinq direktoru Müşfiq Azəryar psixoloji pozuntunu insanların motivasiya hadisəsinə çevirdiyini bildirib:

“Bəzi insanlar buna romantika qataraq heyran oldu, bəziləri burda azadlıq gördü, bunu “sistemdən çıxmaq” adlandırdı. Alimlərin izahı isə bəsit və qəddardır. Bu dezorientasiyadır. Yəni xəstəlikdir, neyroloji pozuntudur. Və demək olar ki, həmişə ölümlə bitir. Yəni o, “öz yolunu” seçmir. Sadəcə təəssüf ki sonu gəlib. Amma insanlar bunu motivasiya hadisəsinə çevirdi. Çünki müasir insanın faciəni romantikləşdirmək kimi bir vərdişi var”, - deyə o söyləyib. 

İngilis dili müəllimi Məhəmməd Emin isə hesab edir ki, insanların pinqvinin hərəkətini motivasiyaya çevirməsində problem yoxdur:

“Pinqvin öz yolunu seçib nə edəcək? Onun "startup" qurmağa getmədiyini hamı bilir. İnsanların buna rəmzi məna verib mesaja, motivasiyaya çevirməsində heç bir problem yoxdur”.

M.Azəryar M.Eminin fikirlərinə etiraz edib:

“Mən problem görürəm, faciə, qüsur və ya sonu ölümə aparan, öz iradəsindən asılı olmayan bir hadisəni əgər həqiqətən də hadisənin əsl səbəbini bilirsə, sağlam təfəkkürlü insanın motivasiya kimi anlaması üçün doğru deyil”. 

Müzakirələrə qoşulan Marketinq və SMM Vidadi Xanışov da hadisədə insanlar üçün müsbət bir çalar gördüyünü bildirib:

“Mən belə deməzdim. İnsan yalnız fizika və elmin izah etdiyi kimi bəsit varlıq deyil. Onun qəlbi mənəviyyatı var və hadisələrə "quru" baxmaq ona yaraşmaz. Düzdür, bəlkə də həmin pinqvinin elə dərin mənəvi səbəbi olmayıb. Bir versiyada deyilir ki, o, fərqli yerlərdən gətirildiyi üçün öz yerinə qayıtmağa çalışırmış. Hər bi halda bu hadisədən müsbət bir dərs götürmək olursa, dəli imiş kimi yanaşmaq nəyə gərəkdir?!”, - o əlavə edib.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью