Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qütblərdə buzların sürətlə əriməsi təkcə iqlimi deyil, canlıların həyatını da dəyişir. Alimlər xəbərdarlıq edir ki, bu proses davam edərsə, imperator pinqvinlərinin böyük hissəsi əsrin sonuna qədər yox ola bilər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Avropa İttifaqının “Copernicus” Dəniz Xidməti tərəfindən hazırlanan 10-cu Okean Vəziyyəti Hesabatında məlumat verilib. Hesabatda dünya okeanlarında ciddi dəyişikliklərin baş verdiyi, xüsusilə qütb bölgələrinin qlobal istiləşmənin ən ağır təsirlərini yaşadığı bildirilib.
Məlumata görə, 1982-2024-cü illər arasında Şimal Buzlu okeanında dəniz səthinin və dəniz buzunun temperaturu 4,2 dərəcə yüksəlib. Bu, hər 10 ildə təxminən 1 dərəcə artım deməkdir. Müqayisə üçün, həmin dövrdə dünya üzrə dəniz səthinin temperaturu hər 10 ildə orta hesabla 0,12 dərəcə artıb. Sibirin şimalındakı dənizdə isə vəziyyət daha ciddi olub. Burada 1982-ci ildən bəri temperatur 6,7 dərəcə yüksəlib. Temperatur artdıqca Şimal Buzlu okeanında dəniz buzlarının sahəsi də azalır. 1979-cu ildən bəri buz örtüyü hər 10 ildə təxminən 500 min kvadratkilometr kiçilib. Bu, hər onillikdə İspaniyanın ərazisi qədər buz sahəsinin itirilməsi deməkdir. Dördpendirli pizza
Buzların əriməsi sahilyanı əraziləri də təhlükə qarşısında qoyur. Dəniz buzları azaldıqca sahillər dalğaların təsirinə daha çox məruz qalır, eroziya güclənir. Bu isə yaşayış məntəqələri və infrastruktur üçün risk yaradır.
Hesabatda Antarktidadakı vəziyyətə də xüsusi diqqət yetirilib. Burada dəniz buzlarının azalması imperator pinqvinlərinin həyatı üçün ciddi təhlükə yaradır. İmperator pinqvinləri yaşamaq, qidalanmaq və çoxalmaq üçün sabit dəniz buzlarına ehtiyac duyurlar. Balaları su keçirməyən tükləri tam formalaşmamış suya düşərsə, soyuqdan tələf ola bilirlər.
2022-ci ildə Antarktida ətrafında dəniz buzlarının rekord səviyyədə azalmasından sonra imperator pinqvinlərinin bir sıra koloniyalarında genişmiqyaslı çoxalma uğursuzluğu qeydə alınıb. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi də bu ilin aprelində imperator pinqvinlərinin statusunu az qala təhlükə altında kateqoriyasından “təhlükədə” səviyyəsinə yüksəldib.
Hesabatda bildirilir ki, dəniz buzlarının azalması indiki sürətlə davam edərsə, imperator pinqvinlərinin koloniyalarının 90 faizindən çoxu 2100-cü ilə qədər demək olar ki, tamamilə yox olacaq.