Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Yeni Böyükşor–Pirşağı yolunun açılması nəqliyyat baxımından müəyyən üstünlüklər yaratsa da, onun əsas yükü Pirşağının üzərinə düşüb. Müxtəlif istiqamətlərdən gələn minik və yük avtomobilləri kənd ərazisindən keçərək digər məntəqələrə hərəkət edir. Beləliklə, Pirşağı faktiki olaraq tranzit kəndə çevrilib.
Bu vəziyyətdən ən çox əziyyət çəkən yer isə Pirşağı dairəsidir. Dairədə hərəkət axını nizamsız olduğundan sürücülər bir-birinə yol vermək uğrunda uzun müddət gözləməli olurlar. Nəticədə həm kənd sakinləri, həm də bu istiqamətdən istifadə edən digər vətəndaşlar ciddi vaxt itkisi ilə üzləşirlər.
Məsələnin diqqətə çatdırılması üçün Pirşağının deputatı Azər Allahverənova müraciət etmişik. Müraciətimizin məqsədi kimisə ittiham etmək deyil, sadə və real bir həll yolunun həyata keçirilməsinə nail olmaqdır.
İstəyimiz Pirşağı dairəsinin həmin hissəsində işıqforun quraşdırılmasıdır.
Bəli, söhbət böyük körpüdən, tuneldən və ya milyonlarla manatlıq layihədən getmir. Sadə bir işıqfor nəqliyyatın mərhələli şəkildə hərəkətini təmin edə, dairədə yaranan qarışıqlığı azalda və xüsusilə pik saatlarda vəziyyəti xeyli yüngülləşdirə bilər.
Bu gün Pirşağı dairəsində müşahidə olunan mənzərə göstərir ki, mövcud hərəkət sistemi artan avtomobil axınına uyğun deyil. Yolun açılması ilə dəyişən reallıq nəzərə alınmalı, infrastruktur da həmin reallığa uyğunlaşdırılmalıdır.
Sakinlərin tələbi tamamilə haqlıdır. İnsanlar saatlarla tıxacda qalmaq, kəndə daxil olmaq üçün əsəblərini və vaxtlarını itirmək istəmirlər. Pirşağı artıq əvvəlki kimi sakit kənd deyil; onun üzərindən keçən nəqliyyat axını bunu açıq şəkildə göstərir.
Bu günlərdə deputat Azər Allahverənovun köməkçisi mənimlə əlaqə saxlayaraq bildirdi ki, müraciətimiz aidiyyəti qurumlar qarşısında qaldırılıb.
Bir işıqfor sadəcə yol hərəkətini deyil, yüzlərlə insanın gündəlik həyat rahatlığını dəyişə bilir.
Pirşağı sakinlərinin istəyi çox sadədir: kəndə daxil olmaq işgəncəyə çevrilməsin.
İradə Cəlil, Bizimyol.info