PISA bizim üçün güzgüdür Emin Əmrullayev

11.09.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“PISA bizim üçün güzgüdür”.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaxşı xəbər odur ki, biz nəticələrimizi artıq görməyə başlamışıq.

"Hamımız birlikdə görürük ki, prinsip etibarilə görülən işlərin nəticəsi var. Bu, hamımız üçün yaxşı xəbərdir" deyən nazir qeyd edib ki, amma burada bir balaca eyforiyaya getməməliyik:

"Bizim bir-birimizi təbrik etməyimizlə bu proses işləmir. Bunu başa düşmək lazımdır ki, bu, ölçmədir. PISA yarış deyil ki, orada medal qazanaq. Biz sadəcə olaraq PISA-da nəticələrimizi görürük. PISA bizim üçün güzgüdür. İnsan güzgüyə baxanda özünü təbrik etmir. Sadəcə çalışır ki, özünü daha yaxşı görsün və tanısın. PISA-ya da güzgü kimi baxmaq lazımdır". 

Əmrullayev vildirib ki, bu, hər 4 ildən bir bizə tərəf çevrilən bir güzgüdür və biz həmin güzgüdə, prinsip etibarilə, özümüzü görürük:

"Orada özümüzü görəndə bunu bəyənirik, bəyənmirik, günahkar axtarırıq - bu, ayrı məsələdir. Amma bizim kifayət qədər vaxtımız var ki, növbəti PISA-da və ondan sonrakı PISA-da nəticələrimizi yaxşılaşdıraq".

Nazir deyib ki, hazırda görülən işlərin nəticələrini daha çox 2029-2033-cü illərdə görəcəyik. Müəyyən mənada, bəzi işlərin nəticələri həmin dövrdə ortaya çıxacaq:

"Ümid edirəm ki, bunu görəcəyik. Bu mənada ardıcıllıq, yəni “consistency” dediyimiz, müəyyən mənada yoldan yayınmamaq çox vacibdir. Eyni zamanda, hər bir təhsil işçisinin öz məsuliyyətini başa düşməsi lazımdır. Müəllimdən başlayaraq yuxarıya doğru hər kəs öz məsuliyyətini anlamalıdır.

Müəllimimiz aşağıda oturub PISA haqqında düşünəndə başa düşməlidir ki, 2029-cu ilin PISA-da onun sinfi də qiymətləndirilə bilər və o, nəticəni aşağı salacaq, yoxsa yuxarı qaldıracaq. İdeal sistem belədir. Aşağıdan yuxarıya qədər hər kəs bu barədə düşünür. Amma söhbət təkcə PISA-dan getmir. Söhbət ümumiyyətlə uşaqların rifahından, gələcəyindən gedir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью