Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pişiklərin insanlara niyə miyoldadığı məlum olub.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın San-Paulu Universitetinin alimləri ev pişiklərinin insanlarla ünsiyyət qurma üsullarını araşdırıblar. Tədqiqat nəticələri göstərib ki, pişiklər miyoldamaqla yaşadıqları problemlərin insanlar tərəfindən həll edilməsinə çalışırlar.
Heyvan davranışları üzrə mütəxəssislər yemək istəyərkən tez-tez miyoldayan 38 ev pişiyi üzərində təcrübə aparıblar. Pişiklərə içindəki yeməyi özlərinin çıxara bilməyəcəyi deşikli plastik qutu verilib.
Onların davranışları otaqda insanın olduğu və olmadığı iki fərqli şəraitdə müşahidə edilib. Nəticələrə görə, otaqda insan olduqda pişiklər ümumilikdə 86 dəfə, tək qaldıqda isə cəmi 20 dəfə miyoldayıblar. Təhlillər insanın olduğu şəraitdə pişiklərin miyoldama ehtimalının 16 dəfədən çox artdığını göstərib.
Tədqiqatçılar müəyyən ediblər ki, pişiklər miyoldayarkən baxışlarını insanla yemək qutusu arasında dəyişirlər. Otaqda insan olmadıqda isə daha çox hərəkətsiz dayanaraq qapıya baxırlar.
“Animal Behaviour” jurnalında dərc olunan araşdırmanın müəllifi Nayla Fukimoto və həmkarları bildiriblər ki, miyoldamaq təsadüfi reaksiya deyil, pişiklərin konkret məqsədə yönəlmiş ünsiyyət vasitəsidir.
NURİYYƏ