Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mütəxəssislər sahibinin bir neçə gün evdə olmamasının pişiklərin psixoloji vəziyyətinə və sağlamlığına necə təsir etdiyini açıqlayıblar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, pişiklər müstəqil xarakterləri ilə tanınırlar. Buna görə də bir çox insan ev heyvanını tərəddüd etmədən bütün gün, bəzən isə hətta həftəsonu evdə tək qoyur. Lakin bu sərbəstliyin də müəyyən həddi var. Həmin həddi aşmaq heyvanın yalnız əhval-ruhiyyəsi üçün deyil, sağlamlığı üçün də təhlükəli ola bilər.
Ev pişikləri qədim zamanlardan insanların yanında yaşayıblar. Əvvəllər gəmiriciləri uzaqlaşdırdıqları üçün onların evlərin yaxınlığında yaşamasına icazə verilirdi. Sonralar isə insanlar pişikləri xarakterlərinə və baxımlarının nisbətən asan olmasına görə sevməyə başlayıblar.
İtlərdən fərqli olaraq, pişiklərin gəzintiyə ehtiyacı yoxdur, onlar çox yatır, tüklərini özləri təmizləyir və ehtiyaclarını xüsusi qum qabında ödəyirlər. Lakin pişiklərin də emosional ehtiyacları var. Onlar sahiblərinə güclü şəkildə bağlanır, səslərini və qoxularını tanıyır, mırıldanır, ayaqlarına sürtünür və onların yanında yatmağı sevirlər. Hətta pişiklərin sahiblərini özlərindən daha böyük pişik kimi qəbul etdiklərinə dair geniş yayılmış fikir də mövcuddur.
Alimlər bu ehtimalı hələ araşdırsalar da, insanın varlığının heyvana təhlükəsizlik hissi verdiyi məlumdur.
Pişik evdə neçə saat tək qala bilər?
Yetkin pişiklər adətən 8-12 saat, yəni təxminən bir iş günü ərzində evdə tək qala bilirlər. Bu müddətdə heyvan əsasən yatır, evi gəzir və ya oynayır. Bunun üçün onun kifayət qədər yeməyi, suyu və təmiz qum qabı olmalıdır.
Yetkin pişik bir sutka ərzində də insan olmadan qala bilər. Lakin bu, adi hal deyil, istisna kimi qiymətləndirilməlidir. Bəzi pişiklər kifayət qədər yemək və su ehtiyatı olduqda 48 saat da tək qala bilərlər. Bununla belə, belə uzunmüddətli nəzarətsizlik ciddi risklər yaradır.
Sahibinin səfəri bir gündən çox davam edəcəksə, mütləq kimsə heyvana baş çəkməlidir. Bəzən sahibi hər şeyi əvvəlcədən hazırlasa belə, gözlənilməz problemlər yarana bilər. Məsələn, pişik su qabını aşırda və ya suyu çirkləndirə bilər. Stress səbəbindən nəzərdə tutulduğundan daha çox yemək yeyə bilər. Yaş yem isə otaq temperaturunda uzun müddət qaldıqda xarab olur.
Qum qabı da ayrıca diqqət tələb edir. Əgər qab həddindən artıq çirklənərsə, pişik ehtiyacını evin başqa yerlərində ödəyə və ya sidiyini saxlaya bilər. Bu isə narahatlığa və sidik yolları ilə bağlı problemlərin ağırlaşmasına səbəb ola bilər.
Uzun müddət tək qalmaq pişiklərə necə təsir edir?
Uzunmüddətli tənhalıq pişiklərin davranışına da təsir göstərir. Bəzi pişiklər davamlı və yüksək səslə miyoldayır, əsəbiləşir, digərləri isə darıxdıqları üçün mebelləri cırmaqlayır və rəflərdəki əşyaları yerə salırlar. Bəzən heyvanın iştahası dəyişir, o, özünə qapanır və ya tüklərini həddindən artıq yalayır. Ən böyük təhlükə isə pişiyin səhhətində yaranan problemlərin vaxtında aşkarlanmamasıdır.
Heyvan xəsarət ala, kiçik bir əşyanı uda və ya qəfil xəstələnə bilər. Evdə heç kim olmadıqda isə bu hallar diqqətdən kənarda qalır. Xüsusilə erkək pişiklərdə daha çox rast gəlinən sidik yollarının tıxanması təhlükəlidir. Bu vəziyyət heyvanın həyatı üçün ciddi risk yaradır və təcili baytarlıq müdaxiləsi tələb edir.
Balaca pişiklər üçün qaydalar daha sərtdir. Üç aydan kiçik pişik balalarını uzun müddət tək qoymaq olmaz. Çünki onların tez-tez qidalanmağa və xüsusi qayğıya ehtiyacı var. Yaşlı, xəstə və müalicə alan pişiklər də daha çox diqqət tələb edir. Bəzilərinə dərmanların və yeməyin müəyyən saatlarda verilməsi vacibdir.
Evdə olmadığınız müddətdə pişiyin təhlükəsizliyini necə təmin etmək olar?
Səfər bir sutkadan çox davam edəcəksə, dostunuzdan, qohumunuzdan və ya heyvan baxıcısından gündə ən azı bir dəfə, daha yaxşı olar ki, iki dəfə pişiyə baş çəkməsini xahiş edin. Həmin şəxs heyvana təzə su və yemək verməli, qum qabını təmizləməli və pişiyin davranışında hər hansı dəyişiklik olub-olmadığını yoxlamalıdır. Bir neçə dəqiqəlik oyun və nəvaziş də heyvanın özünü daha rahat hiss etməsinə kömək edə bilər.
Evdən çıxmazdan əvvəl müxtəlif otaqlara bir neçə su qabı qoymaq məsləhətdir. Beləliklə, pişik qablardan birini aşırsa belə, digərindən su içə biləcək. Yeməyi əvvəlcədən porsiyalara bölmək daha məqsədəuyğundur. Avtomatik yem qabları isə qidalanma rejiminin qorunmasına kömək edə bilər.
Qum qabı əvvəlcədən təmizlənməli, uzunmüddətli səfərlər zamanı isə əlavə qab qoyulmalıdır. Evdə bir neçə pişik varsa, qum qablarının sayı heyvanların sayından bir ədəd çox olmalıdır. Qabları sakit və pişiklərin rahat istifadə edə biləcəyi yerlərdə yerləşdirmək tövsiyə edilir.
Mənzilin təhlükəsizliyi də xüsusi əhəmiyyət daşıyır. Pəncərələr və balkon qapıları bağlanmalı və ya etibarlı qoruyucu torlarla təmin edilməlidir. Kiçik əşyalar, plastik paketlər, elektrik naqilləri və məişət kimyəvi vasitələri heyvanın əli çatmayan yerlərə yığılmalıdır.
Pişiklər üçün zəhərli olan bitkilər də evdən uzaqlaşdırılmalıdır.
Xüsusilə pəncərələrin yuxarıdan açılan havalandırma rejimində saxlanılması təhlükəlidir. Pişik həmin boşluqdan keçməyə çalışarkən ilişib qala və ağır xəsarət ala bilər. Bundan başqa, otaqların qapılarını da yoxlamaq lazımdır ki, heyvan təsadüfən hansısa otaqda bağlı qalmasın.
Mütəxəssislər vurğulayırlar ki, pişiklər müstəqil heyvanlar olsalar da, bu, onların uzun müddət insan qayğısı olmadan yaşaya biləcəyi anlamına gəlmir. Onların sağlamlığını və psixoloji rahatlığını qorumaq üçün müntəzəm diqqət və nəzarət vacibdir.