Piyada keçidində qəza işıqlarını yandırmaq olarmı? AÇIQLAMA VİDEO

15.09.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Piyada keçidinə yaxınlaşarkən bəzi sürücülər qəza işıqlarını yandırmağın digər hərəkət iştirakçılarını xəbərdar etdiyini və bunun mümkün qəzanın qarşısını aldığını düşünür. Lakin bu yanaşma hərəkət qaydaları baxımından düzgün hesab edilmir.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov açıqlamasında bildirib ki, qəza işıqları konkret hallarda istifadə olunmalı və onların funksiyası düzgün başa düşülməlidir.

Ekspertin sözlərinə görə, piyada keçidində sürücünün qarşısına piyada çıxdıqda və ya piyadaya yol vermək üçün sərt tormozlama zərurəti yarandıqda qəza işıqlarını yandırmaq məcburi və ya standart xəbərdarlıq vasitəsi deyil.

“Bəzi sürücülər düşünür ki, qəza işıqlarını yandırmaqla qəzanın qarşısını alırlar. Lakin qəza işıqları adından da göründüyü kimi, əsasən qəza və ya nəqliyyat vasitəsinin məcburi dayanması kimi hallarda digər sürücüləri xəbərdar etmək üçün istifadə olunur”, – deyə Rüfət Əmiraslanov qeyd edib.

Piyada keçidlərində sürücülərin diqqətli olması xüsusilə vacibdir. Piyadaya yol vermək üçün bəzən sərt tormozlama tələb oluna bilər. Bu zaman arxadan gələn nəqliyyat vasitəsinin sürücüsü məsafəni və hərəkət şəraitini düzgün qiymətləndirmədikdə toqquşma riski yarana bilər.

Ekspert vurğulayıb ki, belə halların qarşısını almağın əsas yolu qəza işıqlarını yandırmaq deyil, sürücünün piyada keçidinə əvvəlcədən diqqət yetirməsi, sürəti azaltması və qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini saxlamasıdır.

“Piyada keçidində sürücü əvvəlcədən diqqətli olmalı, sürəti azaltmalı və piyadaya yol verməyə hazır vəziyyətdə olmalıdır. Arxadan gələn sürücü də qarşıdakı avtomobilin qəfil dayanmaq ehtimalını nəzərə almalıdır”, – deyə ekspert əlavə edib.

Rüfət Əmiraslanovun sözlərinə görə, yol hərəkətində təhlükəsizliyin təmin olunması üçün sürücülər qəza işıqlarından məqsədinə uyğun istifadə etməli, onları hər bir qəfil tormozlama və ya piyada keçidi vəziyyətində avtomatik olaraq yandırılan xəbərdarlıq vasitəsi kimi qəbul etməməlidirlər.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/226995.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью