Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"Həkim gözü ilə baxdıqda piylənmənin dərəcəsini müəyyən etmək üçün xüsusi hesablamalar aparılır. Əlbəttə, zahiri görünüşə əsasən artıq çəkili uşaqları seçmək mümkündür, lakin tibbi qiymətləndirmə daha dəqiq meyarlara əsaslanır".
Redaktor.az xəbər verir ki, bu fikirləri 4 mart - Dünya Piylənmə Günü ilə bağlı keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə dedi.
Həkim vurğuladı ki, valideynlər artıq çəki məsələsini vaxtında fərq etmirlər:
"Bizim artıq çəkili və ya piylənməli hesab etdiyimiz uşaqlar valideynlər və ətraf mühit tərəfindən çox zaman normal qəbul edilir. Nəticədə uşaqlar həkimə gecikmiş mərhələdə müraciət edirlər. Adətən valideynlər internetə müraciət edir və bədən kütlə indeksi (BKİ) ilə vəziyyəti qiymətləndirməyə çalışırlar. Lakin bilməlidirlər ki, söhbət uşaq praktikasından gedirsə, uşaqlarda bədən kütlə indeksi böyüklərdə olduğu kimi birbaşa qiymətləndirilmir. BKİ hesablandıqdan sonra nəticə xüsusi yaş və cins üzrə tərtib olunmuş cədvəllər və şkalalar əsasında dəyərləndirilir. Çünki böyüklərdə qəbul edilən rəqəmlərlə uşaqlardakı göstəricilər üst-üstə düşmür. Boy və çəki nisbəti fərqli olduğu üçün uşaqlar üçün ayrıca qiymətləndirmə meyarları mövcuddur. Valideynlər bu cədvəllərə internet vasitəsilə çıxış əldə edə bilərlər. Əgər göstərici 85-ci persentilin üzərindədirsə, artıq uşaq artıq çəkili hesab olunur. Bundan əlavə, piylənmənin qiymətləndirilməsi üçün digər üsullar da mövcuddur: dəri altı piy qatının ölçülməsi, qarın çevrəsinin müəyyən edilməsi və sair. Lakin bunlar peşəkar həkim tərəfindən aparılmalıdır".
Nuriyyə NATİQQIZI