Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat verib.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) respublika üzrə rəsmi nümayəndəsi Ömər Çelik aprelin 21-də jurnalistlərə bildirib ki, uzun müddətdir davam edən kürd probleminin həlli məsələsində cari ay ərzində əhəmiyyətli irəliləyişlər ola bilər. Nəşr qeyd edir ki, aprelin 22-də terror fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanla görüşən kürd yönümlü DEM partiyasının nümayəndələri də analoji ruhda danışıblar.
“Hakim AKP-nin dəhlizlərində danışılır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məlumat verilib ki, PKK aprelin sonuna qədər silahlı qarşıdurmanı dayandırıb dağılacaq”, - deyə “Hürriyet”in köşə yazarı Əbdülkadir Selvi yazıb.
“Sözcü” qəzeti daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, əsas qüvvələri İraqda yerləşən PKK mayın 5-də İraq Kürdüstanının Süleymaniyyə şəhərində konqres keçirə bilər və orada özünü ləğv etmək məsələsi həll olunacağı gözlənilir. Nəşrin yazdığına görə, PKK-nın tərksilah edilməsi və buraxılması prosesinin iyun ayına qədər başa çatdırılması baraədə fikirlər səsləndirilir.
Fevralın 27-də Mərmərə dənizinin İmralı adasında həbsdə olan Öcalan bütün PKK-ya bağlı qrupları silahlarını yerə qoymağa, Türkiyə ilə münaqişəyə son qoymağa və təşkilatın özünü dağıtmağa çağırıb. Bu çağırışa cavab olaraq martın 1-də PKK atəşkəs elan edib və özünü ləğv etmək məsələsinə baxılması üçün qurultay çağırmağa hazır olduğunu bəyan edib.
Türkiyə ilə PKK arasında münaqişə 1984-cü ildən davam edir. Türkiyə hakimiyyəti PKK-nı milli təhlükəsizliyə təhdid hesab edir və mütəmadi olaraq respublika ərazisində onun tərəfdarlarına qarşı reydlər, eləcə də Şimali İraq və Suriyada əməliyyatlar həyata keçirir.
Qadir, Bizimyol.info