Plan ölçü sənədi olanlar torpağına çıxarış ala biləcək

27.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Plan-ölçü sənədi olan vətəndaşlara torpaq sahələri üzərində mülkiyyət hüququ veriləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən Mülki Məcəlləsdə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində əks olunub.
 

Qanun layihəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur.


“Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaqlara ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr tərtib edilirdi.
Bu proses 2006-cı ilin iyulun 6-dək davam etmişdir. Lakin həmin vaxtdan etibarən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılmış, bunun əvəzinə Komitə tərəfindən vətəndaşlara torpaq sahəsinin planı və ölçüsü sənədi (plan-ölçü) verilməyə başlanılmışdır.
 

Nəticədə, vətəndaşların bir qismi 2006-cı il iyulun 6-dək şəhadətnamə aldığı halda, digər qismi həmin müddətədək müraciət etmədiyindən onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə əvəzinə yalnız texniki xarakterli plan-ölçü verilmişdir.


Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmur.
Halbuki hər iki halda torpaq sahələri vətəndaşlara torpaq islahatı çərçivəsində verilib.
Beləliklə, eyni hüquqi əsasla torpaq sahəsi əldə etmiş vətəndaşlardan bir qismi mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə, digər qismi isə yalnız texniki xarakterli plan-ölçü əldə edib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmaqla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006–2015-ci illərdə plan-ölçü tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə də mövcud olub.
 

Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-dək olan dövrdə “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir.


Bununla da eyni hüquqi əsaslarla torpaq sahələri əldə etmiş, lakin müxtəlif sənədlərlə təmin olunmuş vətəndaşlar arasında hüquqi vəziyyətin eyniləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi əsasın yaradılması təmin edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью