Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) verdiyi rəsmi məlumata görə, "Hayabusa-2" kosmik zondu nəzərdə tutulan plana uyğun olaraq "Torifune" asteroidinin yaxınlığından uçuşu uğurla icra edib. Əməliyyat zamanı heç bir ştatdankənar və ya təhlükəli vəziyyət qeydə alınmayıb. Aparat tərəfindən Yerə ötürülən telemetrik məlumatlar qarşıya qoyulan tapşırığın tam yerinə yetirildiyini təsdiqləyib. Bu manevr kosmik gəminin 2020-ci ildə "Ryugu" asteroidindən topladığı nümunələri uğurla Yerə çatdırdıqdan sonra start verilən "Hayabusa2 Extended Mission" (Genişləndirilmiş Missiya) proqramının mühüm tərkib hissəsidir.
Uçuş zamanı "Hayabusa-2" saniyədə təxminən 5 kilometr nisbi sürətlə hərəkət edərək "Torifune" asteroidinin mərkəzinə təxminən 800 metr məsafəyə qədər yaxınlaşıb və onun yüksək keyfiyyətli fotoşəkillərini çəkib.
Əvvəllər "2001 CC21" indeksi ilə tanınan "Torifune" asteroidi indiki adını Yaponiya mifologiyasındakı tanrılardan birinin şərəfinə alıb. Ölçü və quruluş baxımından o, ilk "Hayabusa" missiyasının hədəfi olmuş "Itokawa" asteroidinə qismən bənzəsə də, onun dəqiq fiziki və kimyəvi xüsusiyyətləri elmə demək olar ki, məlum deyil. Məhz bu qeyri-müəyyənlik cari tədqiqat mərhələsini alimlər üçün daha maraqlı edir.
"Hayabusa-2" missiyasının bu mərhələsi böyük sürətlə hərəkət edən kosmik aparatların asteroidlərin bilavasitə yaxınlığında yüksək dəqiqliklə idarə olunması və manevr edilməsi texnologiyalarını təkmilləşdirməyə imkan verir. Gələcəkdə bu elmi nailiyyətlərdən planetar müdafiə proqramlarında geniş istifadə olunacaq. Bura gələcəkdə Yer kürəsi ilə toqquşma təhlükəsi yarada biləcək aqressiv asteroidlərin hərəkət trayektoriyasının dəyişdirilməsi üzrə kompleks təhlükəsizlik tədbirləri daxildir.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ