“Plastik torba problem deyil, zehniyyət problemidir” Ekoloqdan SƏRT İTTİHAM

28.08.2026

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“100 milyardlarla neft pulu gəldi, məmurlar sağa-sola dağıtdı”

“Hamı Green Card axtarır ki, qaçsın. rüşvət, korrupsiya hələ də qalır”

Ötən gecəki küləkdə də politelen torbaların göydə uçması ilə bağlı yayılan video müzakirələrə səbəb olub. Əslində Azərbaycanda plastik və neylon torbalardan istifadə, ətraf mühitin çirklənməsinin qarşısının alınması və ekoloji mədəniyyət məsələləri zaman-zaman müzakirə olunur. Torbaların ödənişli olması ilə bağlı tətbiq edilən tədbirlərlə yanaşı, cəmiyyətdə ekoloji davranışların formalaşdırılması və maarifləndirmənin əhəmiyyəti də gündəmə gəlir. 

Düşündürən sual odur ki, bu sahədə mövcud problemlərin həlli üçün yalnız inzibati tədbirlər kifayətdirmi, yoxsa əsas diqqət təhsil, mədəniyyət və maarifləndirməyə yönəldilməlidir. 

Mövzu ilə bağlı Sherg.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli hesab edir ki, ekoloji problemlərin həllində əsas amillərdən biri cəmiyyətin düşüncə və davranış mədəniyyətinin formalaşdırılmasıdır: 

"Həmin videoya baxıb, çox üzüldüm. Plastik, neylon torbalar küləkdə göydə uçuşur.

O vaxt bu torbalar ödənişli ediləndə mən dedim ki, bu, ancaq vətəndaşlardan ikinci dəfə pul almaq kimi bir şeydir. Çünki bütün mağazalar, marketlər mal alanda, yükləyəndə, öz dükanında satışa çıxaranda artıq o torbanın qiymətini alıcıdan çıxmış olurdular. Daha doğrusu, torbanın qiyməti malın üstünə gəlinmiş olurdu və vətəndaş bunu ödəyirdi. İndi isə pulsuz torba almaq yerinə əlavə torbanın da pulunu hökumətin qərarı ilə vətəndaşın üzərinə yüklədik.

Bizə torbaların pullu olub-olmaması önəmli deyil. Önəmli olan zehnimizin düzgün çalışmasıdır, mədəniyyətimizin və təhsilimizin olmasıdır. Bu, bizdə yoxdur.

Bizim şəhər merlərimiz, bələdiyyələrimiz vətəndaşı necə soymağın yollarını düşünürlər. Vətəndaşın uzunömürlü olması, yaxşı yaşaması üçün kimsə düşünmür. 

Bunun qarşısını almağın yolu mədəniyyət, təhsil və maarifləndirmədir.

Bu, bağçalardan, ibtidai təhsildən başlamalıdır. Uşaqlar beşinci-altıncı sinfə qədər bunları dərk etməlidirlər. İnsanlar dövlətlə bağlı məsuliyyəti dərk etməli, uşaqlar tərbiyələndirilməlidir. Başqa cür mümkün deyil, yoxdur". 

Ekoloqun fikrincə inzibati yolla bunun qarşısını almaq olmaz: 

"Mən Çini misal göstərə bilərəm. Çində küçədə polis görmürsən, kimsəni cərimələmirlər. Siqaret çəkib yerə atan var. Amma heç kim buna müdaxilə etmir. 18 milyonluq şəhərdir. Üstə gəl bir neçə milyon insan da hər gün qonaq gəlib-gedir. Bir dənə polis gəlib adama demir ki, sən niyə burada siqaret çəkirsən? Üstəlik, siqaret çəkmək üçün ayrıca yerlər də qoymayıblar.

İnsanlar dərk etməlidirlər ki, siqareti harada çəkmək lazımdır, zibili hara atmaq lazımdır. Küçələrdə zibil qabları da yoxdur.

Plastik torba nədir ki? Burada bütün marketlərdə, bütün yerlərdə, alış-veriş mərkəzlərində hər yerdə plastik torbalar insanlara pulsuz verilir. Amma onu insanlar götürüb küçəyə atmırlar. Budur mədəniyyət məsələsi.

Mədəniyyəti yaratmaq üçün də hökumət addımlar atmalıdır. Hökumət təhsil qanunu ilə bağlı addımlar atmalıdır. Təhsil naziri, şəhər icra hakimiyyətinin rəhbərliyi yerində olmalıdır". 

Ekspert bildirib ki, “Mən vəzifədə oturum, məmur olaraq çalışım, pul qazanım” düşüncəsi var: 

"Bizdəki zehniyyət budur və nəticə də budur. “Mən məmur olaraq çalışıb dövlətimə və millətimə nə verəcəyəm?” zehniyyətimiz olsa, bu düşüncə formalaşsa, inandırıram sizi, heç hara zibilli olmaz.

Məsələn Çindəki binalar hündür binalardır, hamısı göydələnlərdir. Onların heç birini tikmək üçün, necə deyərlər, Qaradağdan daş, qum, beton daşımırlar. Beton və digər materiallar səliqəli şəkildə gəlir, karkas qurulur, bina hazır olur. Üç-dörd adam bina, göydələn tikir.

Təsəvvür edirsiniz, inkişaf haradadır? Pekində oteldə yemək sifariş verirsən, bir də görürsən ki, robotlar yeməyi daşıyır.

Bunların hamısını çatdırmaq üçün mədəniyyət lazımdır, çalışmaq lazımdır, təhsil lazımdır".

Mütəxəssis söyləyib ki, gənclərimizin hamısı xaricdə oxumağa qaçır və bir daha dönməməyə çalışırlar: 

"Qızlarımız afrikalı, italyan, alman, çinli, hindistanlı axtarırlar ki, ərə getsinlər, ölkədən qurtulsunlar. Statistikaya baxın, Koreyaya, Çinə, Hindistana ərə gedən qızlarımız nə qədərdir. Yaxud da oğlanlarımız hansısa yolla qaçıb gediblər.

Hamı Yaşıl Kart (Green Card) axtarır ki, qaçsın getsin Amerikaya.

Niyə biz 10 milyonluq balaca bir məmləkətimizi qoruyaq, inkişaf elətdirə bilmirik? 100 milyardlarla neftdən pul daxil oldu. Məmurlar sağa-sola dağıtdılar. 20 ilə yaxın eyni vəziyyətdir.

Büdcəmiz hələ də artmayıb, vətəndaşlarımızın maaşı artmayıb, eyni büdcə ilə yaşayırıq. 

Dünyada hər dövlətdə inflyasiya gedir. Bizdə bu inflyasiyanı vətəndaş yalnız özündə hiss edir.

Dövlət, hökumət bunu vətəndaşlara göstərmir ki, sənin maaşın artırdı, milli gəlirin bu qədər artdı. Milli gəlir niyə artmır bizdə? Çünki rüşvət, korrupsiya, mədəniyyətdən kənar olmaq hələ də qalır". 

Qorxmaz İbrahimli vurğulayıb ki, ekologiyanın sağlam olması üçün sağlam zehniyyət lazımdır:

"Azərbaycanda hökumətimizin nə qədər xərc çəkdiyi məlumdur. COP29 keçirildi, WUJ13 keçirildi. Hökumət istəyir ki, hər şeyi düzəltsin, amma istənilən olmur. Məmur təfəkkürü dəyişməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью