Pley offa aparan darmadağın

24.08.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinə adladı. III təsnifat mərhələsində “Şkendiya” səddini demək olar, rahatlıqla aşan “atlılar”ın Liqa mərhələsi üçün sadəcə bir əngəli qalıb.

Növbəti rəqib Macarıstan çempionu “Ferentsvaroş”dur. Bu komanda ilə daha əvvəl qarşılaşıb, mərhələ adlamış “Qarabağ” keçmiş uğurunu yenidən təkrarlamaq potensialındadır.

“Şkendiya” ilə ilk görüşdə saysız-hesabsız epizodları boşa verən “Qarabağ” cavab matçında bu səhvləri təkrarlamadı. Makedonların erkən qoluna qısa zamanda ardıcıl qollarla reaksiya verən “Qarabağ” rəqibinin müqavimətini qırdı və parlaq qələbə qazandı. “Şkendiya” ilə oyunda mövqelər üzrə minimum səhvlərlə oynayan “atlılar” Liqa mərhələsi üçün ümid verir. Azarkeşlərin yaratdığı möhtəşəm atmosferdə basqılı oynayan, hər topda irəli gedən və hücumu düşünən komanda xüsusilə ilk hissədə zövqverici oyun sərgilədi.

Makedonların ardıcıl qollardan sonra motivasiyadan düşməsi və boşluqlar verməsi “Qarabağ” üçün yaxşı fürsətlər yaratdı və “atlılar” səhvləri bağışlamadı. Azərbaycan təmsilçiləri üçün 5 qollu qələbə avrokuboklarda kifayət qədər yaxşı nəticədir və belə hesablar 2-3 ildə bir dəfə ya ola, ya olmaya. Hər bir halda, parlaq qələbə və yaxşı oyunla mərhələ keçildi və indi qarşıda daha güclü “Ferentsvaroş” var.

“Ludoqorets”lə cavab oyunda böyük üstünlük quran və 3 cavabsız qola sevinən macarlarla ilk oyunun səfərdə olması qismən “Qarabağ” üçün avantaj sayıla bilər. “Tofiq Bəhramov”da azarkeşlərinin də dəstəyi ilə fərqli oyun sərgiləyən “Qarabağ”ın Liqa mərhələsinə düşmək üçün böyük şansı var.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью