Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az BB.LV saytına istinadla xəbər verir ki, plovun yapışqan və sıyıq kimi alınmasının əsas səbəblərindən biri ərzaqların nisbətinin düzgün seçilməməsidir.
Bəzi reseptlərdə ət, düyü, soğan və kökün bərabər miqdarda götürülməsi tövsiyə olunur. Lakin bu nisbət hər zaman uğurlu nəticə vermir. Xüsusilə soğanın həddindən artıq çox olması yeməyin hazırlanmasına mənfi təsir göstərə bilər. Təcrübəli aşpazların fikrincə, bir kiloqram ət, düyü və kök üçün 300 qram soğan kifayət edə bilər.
Soğan bişərkən çoxlu şirə buraxır. Nəticədə ərzaqların qızarması əvəzinə suda bişməsi prosesi başlayır və plovun ənənəvi dadı, teksturası dəyişir.
Digər mühüm məqam ətin seçimidir. Plov üçün həddindən artıq yağlı ət götürmək məsləhət görülmür. Yeməyin yağlılığı ətin özündən deyil, qızartma zamanı istifadə edilən quyruq yağından və ya bitki yağından təmin oluna bilər.
Ən çox yol verilən səhvlərdən biri isə düyünün üzərinə su əlavə edildikdən sonra qazanı qarışdırmaqdır. Bu mərhələdə düyünü qarışdırmaq onun dənələrinin zədələnməsinə və nişastanın daha çox ayrılmasına səbəb ola bilər. Buna görə də düyü suya əlavə edildikdən sonra bişmə prosesi boyunca onu qarışdırmamaq tövsiyə olunur.
Beləliklə, dənəvər plov hazırlamaq üçün yalnız düyünün keyfiyyətinə deyil, ərzaqların nisbətinə, ətin yağlılığına və bişirmə qaydasına da diqqət yetirmək lazımdır.