Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyanın milli poçt operatoru “Deutsche Post” 2027-ci il yanvarın 1-dən məktub göndərmə tariflərini artıra bilər.
KONKRET.az xəbər verir ki, şirkət ölkə daxilində standart məktubun (20 qrama qədər) göndərilmə haqqını 0,95 avrodan 1,15 avroya, xaricə göndərilmə tarifini isə 1,25 avrodan 1,45 avroya qaldırmağı planlaşdırır.
Şirkət nümayəndələrinin sözlərinə görə, tariflər artırılsa belə, qiymətlər Mərkəzi Avropanın orta göstəricisindən xeyli aşağı qalacaq. Bununla belə, yeni tariflərin qüvvəyə minməsi üçün Almaniyanın Federal Şəbəkə Agentliyinin təsdiqi tələb olunur.
DHL-in idarə heyətində tarif artımının qaçılmaz olduğu bildirilir. Şirkətin məlumatına görə, Almaniyada məktub və digər yazılı göndərişlərin həcmi son illərdə əhəmiyyətli dərəcədə azalıb. Belə ki, 2005-ci ildə ölkədə 16,9 milyard yazılı göndəriş qeydə alındığı halda, 2025-ci ildə bu göstərici 9,4 milyarddan aşağı düşüb. Azalma tendensiyasının davam etdiyi vurğulanır.
Eyni zamanda, işçi qüvvəsi, enerji və material xərclərinin artması şirkətin maliyyə yükünü ağırlaşdırır. Bundan başqa, Deutsche Post ölkə üzrə poçt qutuları və şöbələr şəbəkəsini saxlamaq öhdəliyini də yerinə yetirməlidir.
Qeyd edək ki, 2026-cı il sentyabrın 1-dən etibarən DHL Group logistika konserti rəsmi olaraq DHL adlandırılacaq. Müvafiq qərar daha əvvəl şirkətin səhmdarları tərəfindən təsdiqlənib. Bundan sonra Deutsche Post adı Almaniya daxilində məktub və bağlama çatdırılması ilə məşğul olan törəmə şirkətin adı kimi istifadə olunacaq.
Ağagül Mürsəlov,
KONKRET.az