Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliyanın Marke bölgəsində yerləşən Urbania şəhərinin sakini Bruno Salvi qeyri-adi kolleksiyası ilə diqqət çəkib. Poçtalyon indiyədək 1 milyon 176 min ədəd 1 avrosentlik metal pul toplayıb. Kolleksiyanın ümumi çəkisi 2 ton 710 kiloqrama, nominal dəyəri isə 11 min 760 avroya çatıb.
Lakin illər ərzində toplanan bu nəhəng kolleksiya Bruno Salvi üçün gözlənilməz problem yaradıb. Sikkələrin ağırlığı onun evinin pilləkən qəfəsindəki beton konstruksiyalara ciddi yük salıb və nəticədə betonda çatlar əmələ gəlməyə başlayıb.
Bruno Salviyə sikkə toplamaq həvəsi hələ uşaqlıq illərindən gəlib. Əvvəllər o, İtaliyanın 20 və 500 liralıq, xüsusilə maraqlı hesab etdiyi metal pullarını kolleksiya edirmiş.
Avronun dövriyyəyə buraxılmasından sonra isə diqqətini yeni valyutanın ən kiçik nominalına – 1 sentlik sikkələrə yönəldib. Əvvəlcə bu, sadəcə hobbi və şəxsi maraqdan doğan bir yarış olub: görəsən, nə qədər 1 sentlik sikkə toplamaq mümkündür?
Zaman keçdikcə onun bu qeyri-adi məşğuliyyətinə dostları, tanışları və şəhər sakinləri də qoşulublar. Brunonun hobbisindən xəbər tutan insanlar pul kisələrində qalan, yaxud evlərindəki siyirtmələrdə unudulan xırda pulları ona gətirməyə başlayıblar.
Hazırda kolleksiyada olan 1 milyon 176 min sikkə hər biri 30 litr tutumunda olan 28 şüşə bankada saxlanılır. Bruno əvvəlcə bankaları evinin pilləkənləri boyunca yerləşdirirmiş. Lakin sikkələrin ümumi çəkisi artdıqca bu, evin konstruksiyaları üçün təhlükə yaratmağa başlayıb.
“Onları aşağı mərtəbələrə köçürməli oldum. Çünki pilləkən qəfəsinin beton konstruksiyalarında ilk çatlar yaranmağa başlamışdı”, – deyə kolleksiyaçı bildirib.
Bütün çətinliklərə baxmayaraq, Bruno Salvi kolleksiya toplamaqdan vaz keçmək fikrində deyil. Onun qarşısına qoyduğu növbəti hədəf 1,5 milyon ədəd 1 sentlik sikkə toplamaqdır. Bu məqsədə çatmaq üçün ona daha 324 min sikkə lazımdır.
Kolleksiyaçının sözlərinə görə, onun üçün sikkələrin nominal dəyərindən daha çox hər birinin özünəməxsus tarixçəsi maraqlıdır. Bruno düşünür ki, bu metal pulların hər biri vaxtilə neçə-neçə insanın əlindən keçib, müxtəlif pul kisələrində, mağazalarda olub, fərqli şəhər və ölkələrdə dövriyyəyə qatılıb.
Onun üçün hər bir sikkə sadəcə metal parçası deyil, milyonlarla insanın gündəlik həyatından keçmiş kiçik bir tarix parçasıdır.
Rəsmiyyə Şərifova,
KONKRET.az