Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qarabağ münaqişəsinin keçmiş SSRİ-nin taleyində oynadığı fəlakətli rol bu gün tarixçilər və araşdırmaçılar tərəfindən açıq şəkildə etiraf olunur. Münaqişənin ilk illərində Azərbaycanın tanınmış ziyalıları və ictimai xadimləri Moskvaya xəbərdarlıq edirdilər ki, Qarabağdakı separatçılığın qarşısı vaxtında alınmasa, bölgədə qanlı müharibə qaçılmaz olacaq.
Həmin dövrdə Qarabağ probleminin həlli üçün ən sərt mövqe ortaya qoyan şəxslərdən biri Azərbaycanın o zamankı mədəniyyət naziri Polad Bülbüloğlu idi.
Azpost.infonun arxivindən təqdim etdiyi görüntülər 28 noyabr 1990-cı ildə Moskvada, Kremldə keçirilən görüş zamanı lentə alınıb.
SSRİ prezidenti Mixail Qorbaçovun sovet mədəniyyət xadimləri ilə görüşündə çıxış edən Polad Bülbüloğlu Qarabağda baş verən hadisələrlə bağlı mərkəzi hökuməti sərt şəkildə tənqid edir.
P.Bülbüloğlu bildirir ki, Azərbaycanda artıq real müharibə gedir, insanlar həlak olur, lakin sovet rəhbərliyi və bölgədə yerləşən ordu bu qanlı hadisələrin qarşısını almaq üçün heç nə etmir.
O, Qorbaçova emosional şəkildə müraciət edərək Qarabağda yaşanan faciələri diqqətə çatdırır:
“Orada sovet ordusu durur, nə üçün onlar öz vəzifə borclarını yerinə yetirmir? Ölkəmizdə qan su yerinə axır, heç kim də heç nə etmir. Nə üçün? Bu günlərdə Laçında idim. Yeddi uşaqlı evdə atanı və böyük oğulu öldürüblər. Bunu dayandırmaq lazımdır”.
Polad Bülbüloğlunun bu çıxışı həmin dövrdə Qarabağda baş verən hadisələrin artıq silahlı qarşıdurmaya çevrildiyini göstərən mühüm arxiv faktlarından biridir.
1990-cı ilin sonlarında edilən bu xəbərdarlıq sonrakı hadisələrin nə qədər faciəli istiqamətdə inkişaf etdiyini də ortaya qoydu. Bir ildən sonra SSRİ dağıldı, Qarabağ münaqişəsi isə daha genişmiqyaslı müharibəyə çevrildi.
Arxiv görüntülərində Polad Bülbüloğlunun SSRİ rəhbərliyini açıq şəkildə ittiham etməsi və Qorbaçovun qarşısında Azərbaycanın yaşadığı faciəni emosional formada dilə gətirməsi diqqət çəkir.
İllər sonra həmin çıxış Qarabağ münaqişəsinin ilk dövrlərində Azərbaycanın tanınmış nümayəndələrinin Moskvaya etdiyi, lakin nəticəsiz qalan xəbərdarlıqların tarixi sənədi kimi yenidən gündəmə gəlir.
Azpost.info arxiv görüntülərini təqdim edir: