Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
Sumqayıt Dövlət Universiteti tabeliyində Polimer Materialları İnstitutunun (PMİ) əməkdaşları və “Azərboru” İstehsalat Sahəsinin nümayəndələri arasında elmi-texniki əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi “Azərboru” İstehsalat Sahəsinin istehsalat prosesləri ilə tanış olmaq, müəssisənin polimer materiallarla bağlı mövcud texniki ehtiyaclarını öyrənmək, mümkün əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək olub.
Görüşdə “Azərboru” İstehsalat Sahəsinin əməliyyatlar üzrə direktor müavini Nəsimi Bayramlı müəssisənin inkişaf istiqamətləri, istehsalat prosesləri və texnoloji imkanları barədə ətraflı məlumat verib.
Daha sonra institutun əməkdaşları istehsalat sahəsi və laboratoriyaya baxış keçirərək istehsalatın mərhələləri, laboratoriyada istifadə olunan cihaz və avadanlıqlar, məhsulun keyfiyyətinə nəzarət üsulları ilə tanış olublar. Görüşdə polimer materialların sənaye sahəsində tətbiqi imkanları, metal boruların korroziyadan mühafizəsi üçün polimer örtüklərin hazırlanması, istilik və aqressiv mühitlərə davamlı qoruyucu materialların tətbiqi, həmçinin elastomer və polimer-kompozit materialların istehsalata uyğunlaşdırılması məsələləri müzakirə edilib. Tərəflər institutun elmi-tədqiqat potensialı ilə müəssisənin istehsalat təcrübəsinin əlaqələndirilməsi, mövcud texniki problemlərin elmi əsaslarla həlli və yeni materialların sənayedə tətbiq imkanlarının araşdırılmasının əhəmiyyətini vurğulayıblar.
Bu görüşün gələcəkdə PMİ ilə “Azərboru” arasında elmi-texniki əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat layihələrinin hazırlanması və innovativ polimer-kompozit materialların sənayedə tətbiqinə zəmin yaradacağı qeyd olunub.