Polimer Materialları İnstitutu ili 8 mühüm elmi nəticə ilə başa vurub AZƏRTAC

27.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda (PMİ) 2024-cü ildə 2 problem, 4 mövzu, 18 iş, 24 mərhələ üzrə elmi-tədqiqat işləri həyata keçirilib.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, bu il institutda aparılan elmi-tədqiqat işləri 8 mühüm elmi nəticə ilə yekunlaşıb, 1 laboratoriya texnoloji reqlamenti işlənib hazırlanıb və tətbiq üçün tövsiyə olunub.

Respublika ərazisində olan təbii mineral ehtiyatlardan – mədən süxurlarından, eyni zamanda, alüminium hidroksiddən, bazalt lifindən, metal oksid nanohissəciklərindən və digər əlavələrdən istifadə olunmaqla polietilen, polipropilen, random polipropilen, etilen-heksen birgəpolimeri və polivinilxlorid əsasında polimer kompozit nümunələri alınıb və 26 sifariş əsasında 176 nümunənin fiziki-mexaniki xassələri müəyyən edilib.

İl ərzində aparılan elmi tədqiqatların nəticələri 5 monoqrafiyada, 54 məqalədə, 156 məruzə-tezisdə öz əksini tapıb. Nəşr olunan məqalələrdən 44-ü indeksləşmiş (24-ü “Web of Science”, 20-si “Scopus”) bazalara daxil olan jurnallarda dərc olunub. “Clarivate Analytics” bazasında yer alan ən yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrdən 1-i Q2, 14-ü Q3, 14-ü Q4 qrupuna daxildir.2024-cü ildə institutun elmi işçilərinin əsərlərinə 665 istinad olunub.

İnstitutun əməkdaşları tərəfindən 3 patent alınıb, ixtiraya patentin verilməsi üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən 4 iddia sənədinə qərar verilib.

2025-ci ildə Polimer Materialları İnstitutunda səciyyəvi quruluşlu və məxsusi xassəli polifunksional monomer, oliqomer və polimerlərin, polimer qarşılıqlarının, polimer-polimer, polimer-oliqomer və polimer əsaslı hibrid kompozisiyaların və nanokompozisiyaların yaradılması, xassələrinin və tətbiq imkanlarının öyrənilməsi istiqamətlərində elmi tədqiqat işlərinin yerinə yetirilməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью