Polisin həbs etdiyi hakerə hökm oxundu

24.11.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərədə böyük texnologiya və oyun şirkətlərinə qarşı kiberhücumlar həyata keçirən 21 yaşlı Arion Kurtaj 7 il müddətinə azadlıqdan məhrum edilib.

“Cebheinfo.az” xəbər verir ki, London şəhərindəki Vulviç Kral Məhkəməsində keçirilən prosesdə hakim Mark Turner autizm diaqnozu qoyulan Kurtajın əvvəllər nəzarət altında saxlanıldığı müddəti nəzərə alaraq onun dərhal azadlığa buraxıla biləcəyini bildirib.

Kurtaj ötən həftə keçirilən məhkəmə iclasında 2021-2022-ci illərdə oyun istehsalçısı “Rockstar Games”, telekommunikasiya şirkəti “BT/EE”, rəqəmsal bankçılıq platforması “Revolut” və nəqliyyat şirkəti “Uber”in sistemlərinə qarşı kiberhücumlar həyata keçirdiyini etiraf edib.

Hakim Turner qərarını açıqlayarkən Kurtaja müraciətlə, “Çox istedadlı bir gənc olduğun açıq-aydındır. Bu istedadından həyatının qalan hissəsini həbsxanaya girib-çıxmaqla keçirmək üçün istifadə etmə”, deyib.

Kiberhücumların həyata keçirildiyi dövrdə “Lapsus$” adlı haker qrupunun üzvlərindən biri olan Kurtaj 2022-ci ilin sentyabrında “BT/EE” şirkətinə qarşı hücumlara görə ittiham olunduqdan sonra rəqib qrupların mümkün hücumlarından qorunması məqsədilə otelə yerləşdirilib.

Məhkəmə sənədlərinə görə, Kurtaj məhz mühafizə altında saxlanıldığı həmin otel otağından “Revolut”, “Uber” və “Rockstar Games” şirkətlərinə qarşı kiberhücumlarını davam etdirib.

O, cəmi bir mobil telefon, otelin simsiz internetə qoşulmuş televizoru və “Amazon Fire TV Stick” cihazından istifadə edərək “Rockstar Games”in sistemlərinə daxil olub.

Nəticədə, hazırlanma mərhələsində olan “GTA 6” oyununa aid 90 video əldə edib.

Haker oyunun ilk rəsmi təqdimat görüntüləri yayımlanmamışdan bir ildən çox əvvəl həmin videoları “TeaPotUberHacker” istifadəçi adı ilə internetdə paylaşıb.
İngiltərə Kral Prokurorluq Xidməti (CPS) bildirib ki, Kurtaj ələ keçirdiyi mənbə kodlarını yayımlamaqla hədələyərək “Rockstar Games”dən pul tələb etməyi planlaşdırıb.

Məhkəməyə təqdim olunan məlumatlara əsasən, kiberhücumun “Rockstar Games”ə birbaşa maliyyə zərəri 1,5 milyon dollar təşkil edib.

Bu məbləğə hücumun şirkətin kommersiya fəaliyyətinə göstərdiyi daha geniş təsirlər daxil edilməyib.

Qeyd edək ki, 13 illik fasilədən sonra ötən həftə satışa çıxarılan “GTA 6” oyunu ilk günündə 3,79 milyard dollar pərakəndə satış gəliri əldə edib.

Kurtajın sözügedən kiberhücumları 2023-cü ildə məhkəmə prosesində andlılar heyəti tərəfindən müəyyən edilsə də, psixiatrların onun məhkəmə qarşısında cavab vermək qabiliyyətinin olmadığı barədə rəyi səbəbindən cinayət məsuliyyəti ilə bağlı qərar qəbul edilməyib.

Vəkillərinin bildirdiyinə görə, məhkəmənin qərarı ilə təhlükəsizlik rejimli xəstəxanaya yerləşdirilən Kurtaj iki il ərzində orada saxlanılıb.

Daha sonra onun məhkəmə qarşısında cavab verə biləcək vəziyyətdə olduğu müəyyənləşdirilib və o, ittihamları etiraf edərək məhkəmə qarşısına çıxıb.

Əfsanə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью