Politoloq: Rusiyanın MDB ölkələrinə səslənən təhdidləri boş hay küydür

26.01.2026

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Öz imkanlarını Ukrayna müharibəsinə səfərbər edən Rusiyanın indiki vəziyyətdə MDB məkanında digər dövlətlərə qarşı nəsə etmək imkanı çox məhduddur. Belə bir imkan olsaydı, çoxdan real təhdidlərə keçərdi".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Aleksandr Duqin, Vladimir Solovyov kimi rusiyalı şovinistlərin MDB ölkələrini işğal etməyə dair çağırışlarını şərh edərkən deyib. 

Politoloq həmçinin Rusiya Dövlət Dumasının "Yeni Adamlar" fraksiyasının Ermənistanda həbs edilən biznesmen Samvel Karapetyanı müdafiə edən bəyanatının bu təhdidlərin bir hissəsi olduğunu bildirib:

"İndi onların yalnız təbliğat vasitəsindən istifadə etməklə nəsə mənasız sözlər səsləndirib, havanı bulandırmaqdan başqa heç bir çarələri yoxdur".

Zərdüşt Əlizadə qeyd edir ki, Moskvanın İrəvana əsas təzyiq vasitəsi Qarabağ məsələsi idi, lakin Rusiya artıq bu imkanı itirib:

"Ukraynaya qarşı bütün ordularını səfərbər ediblər, amma cəmi 20 faiz torpaqları tutublar. Kiyevi ram etmək hələlik alınmır. Ermənistana gəldikdə, İrəvana əsas təzyiq vasitəsi Qarabağ məsələsi idi ki, o da artıq həllini tapıb".


Müsahibimiz bildirir ki, hazırda Azərbaycan və Ermənistan ortaq maraqlar kontekstində öz mövqelərini uyğunlaşdırmağa çalışırlar:

"Faktiki olaraq, vaxtilə görünməyən bir vəziyyət yaranıb: Bakı ilə İrəvan Rusiyaya qarşı öz mənafelərini müdafiə etmək məsələsində müttəfiq kimi çıxış edirlər. Ermənistanın enerji sahəsində Rusiyadan asılılığını neytrallaşdırmaq üçün Azərbaycan İrəvana karbohidrogen məhsulları verməyə hazırdır. Artıq bu istiqamətdə ilkin addımlar atılıb".

Politoloqun fikrincə, Rusiya Samvel Karapetyandan Gürcüstandakı Bidzina İvanişvili kimi istifadə etmək niyyətindədir:

"Paşinyan hakimiyyətini Karapetyanın milyardları hesabına devirməyi düşünürlər. Amma alınmır. Çünki Paşinyan Gürcüstandakı hadisələrdən dərs alıb. Ona görə də Rusiyanın təsiri altında olan partiyaları, qurumları və şəxsləri zərərsizləşdirir. Moskvanın Azərbaycana təsir imkanları isə daha azdır. Qazaxıstanı hədələsələr də, Çin buna imkan vermədi. Bir sözlə, müxtəlif rusiyalı siyasətçilərin, jurnalistlərin keçmiş sovet respublikalarına münasibətdə səsləndirdikləri təhdidlər sadəcə olaraq boş hay-küydən başqa bir şey deyil".

Qeyd edək ki, son zamanlar rusiyalı politoloq Aleksandr Duqin və jurnalist Vladimir Solovyov Cənubi Qafqaz və Orta Asiya dövlətlərini işğalla hədələyiblər. Ardınca Dövlət Dumasının "Yeni Adamlar" fraksiyası Ermənistanda həbs edilən iş adamı Samvel Karapetyanın müdafiəsinə hesablanmış bəyanat yayıb. Ekspertlər bu addımları Rusiyanın MDB ölkələrinə, xüsusən də Ermənistana qarşı kəskinləşən düşmənçilik xətti kimi qiymətləndirirlər.

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью