Politoloqdan proqnoz: “Putin nüfuzunu xeyli itirib”

11.08.2026

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Senatında Rusiyaya qarşı sərt sanksiyaların qəbul olunması və Ukraynaya beynəlxalq dəstəyin genişlənməsi Moskvanın geosiyasi təcridinin dərinləşdiyini göstərir.Türkiyə, Serbiya, Azərbaycan və digər regional aktorların son addımları müharibənin artıq təkcə hərbi deyil, siyasi və iqtisadi müstəvidə də yeni mərhələyə keçdiyini nümayiş etdirir. Lakin əsas sual budur: xarici təzyiqlər və daxildə artan narazılıqlar Putinin hakimiyyət sistemini sarsıda biləcəkmi, yoxsa Kremlin çoxqatlı təhlükəsizlik mexanizmləri bu təzyiqi yenə də neytrallaşdıracaq?

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna-Rusiya müharibəsinin uzanması və qarşılıqlı hücumların arealının genişlənməsi, zərbələrin intensivləşməsi hər iki tərəfdə böyük itkilərə gətirib çıxarıb. Xüsusən də neft emalı zavodlarının, enerji sektorunun, logistika mərkəzlərinin və anbarların sıradan çıxarılması böhranı dərinləşdirməkdədir. Qərbin və Ağ Ev administrasiyasının sülh təşəbbüsləri müsbət nəticə vermədi:

“Hətta D.Trampın Kreml ilə “separat” sövdələşmə barədə cəhdləri də uğursuz oldu. Faktiki olaraq deyə bilərik ki, müharibə ilə bağlı yaxınlaşma və kompromislər hələ ki üfüqdə görünmür. Bu azmış kimi, müharibə qlobal mahiyyət kəsb etdiyindən onun həlli Kiyev və Moskvanın iradəsindən kənardadır. Lakin Rusiyanın itkiləri daha çoxdur və bu itkilər həndəsi silsilə ilə artır. Son dövrlərdə Ukraynanın hava hücumları qarşısında Rusiyanın Hava Hücumundan Müdafiə Sistemləri effektiv mübarizə apara bilmir. PUA-lar Rusiyanın ən ucqar ərazilərinə qədər uçur və hədəfləri dəqiq vura bilir. Tatarıstana edilən hücumlar bir daha sübut etdi ki, Kreml özünü güvəndə hiss etməməklə yanaşı, adekvat tədbirlər görmək imkanları da məhduddur. Rus cəmiyyəti indi müharibənin fəsadlarını öz üzərində hiss etməyə başlayıb. Əvvəlki dövrlərdə müharibə əyalətlərdə görünürdüsə, artıq paytaxtda və iri şəhərlərdə də hiss olunur ki, bu da nəticə etibarilə narahatlıqları və etirazları artırır”.

Politoloq vurğulayıb ki, repressiya üsulları, çoxqatlı təhlükəsizlik sistemi və xəfiyyələrin basqısı altında cəmiyyətin kütləvi açıq etirazlarının qarşısı müvəqqəti olaraq alınır. Bu isə sonsuza qədər davam edə bilməz.

Rəy sorğularında həm müharibə əleyhinə münasibətdə, həm də Putinin reytinqində dəyişikliklər müşahidə olunur. Prezident xeyli nüfuz itirib. Payızda Rusiya parlament seçkilərinə gedir.

“Kreml hər vəchlə bütün zor və saxtakarlıq aparatını işə salaraq qazanmağa çalışacaq. Əks halda hakim partiyanın məğlubiyyəti qaçılmaz olacaq. Bu gün Rusiyanın hakim siyasi və hərbi elitasında müharibəyə qarşı açıq etiraz və çağırışlar publik olmasa da, bu heç də o anlamı vermir ki, hamı təcavüzkar müharibə və onun gedişi ilə razıdır. İndiki halda oliqarxlar və iri biznes şəbəkəsi Putinin yaxın ətrafında formalaşdırılıb. Həmin təbəqə də anlayır ki, Putin batacaqsa, onlar da batacaqlar. Onların mövcudluğu və qurduqları biznes imperiyaları məhz Kremlin sahibinin sayəsində və xeyir-duası ilə qurulub. Əslində Putinin də öz ətrafına güvən və etibar etdiyini düşündüyünü söyləmək doğru olmaz. İş adamları, biznesmenlər və yaxud oliqarx məmurlar sabit olmurlar və öz varidatlarını müxtəlif yollarla əldə etdiklərini Putinin ambisiyalarına qurban vermək istəməzlər. Beynəlxalq sanksiyalar onları daha çox təşvişə salsa da, alternativləri və seçimləri yoxdur”, – deyə o bildirib.

Politoloq hesab edir ki, Putinin ətrafındakı zəif nöqtə tapılmalı və həmin zəif nöqtə üzərində fokuslanaraq hakimiyyəti parçalamaq ssenarisi üzərində işlənilməli, hətta təminatlar da verilməlidir. Hakimiyyət daxilindəki narazı qüvvələrlə aşağı təbəqədəki narazı qüvvələrin birləşməsi Putin hakimiyyəti üçün ciddi başağrısı yarada bilər. Hətta onu müharibə ilə bağlı mövqeyində də köklü korrektələr etməyə məcbur edə bilər.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью