Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin “Çikaqo Fayr” futbol komandasının hücumçusu Robert Levandovskinin MLS-dəki çıxışı Polşa mətbuatında ciddi tənqid olunub.
İdman.Biz xəbər verir ki, “WP SportoweFakty” nəşrinin jurnalisti Tomaş Qalinski 38 yaşlı futbolçunun ABŞ karyerasını uğursuz hesab edir.
Levandovski 25 qarşılaşmada 11 qol vurub. Müqayisə üçün, onun transferindən əvvəl komandanın hücum xəttində çıxış edən Uqo Kuypers 11 oyunda 13 dəfə fərqlənib. Üstəlik, belçikalı futbolçu daha az məvacib alıb.
Məqalə müəllifinin fikrincə, polşalı hücumçunun transferi marketinq baxımından komandaya fayda gətirsə də, idman nöqteyi-nəzərindən gözləntiləri doğrultmayıb.
Qalinski Levandovskinin bir çox qarşılaşmada meydanda nəzərə çarpmadığını, daha çox hakimlərlə mübahisələri ilə yadda qaldığını vurğulayıb.
Bununla belə, jurnalist uğursuz çıxışın bütün məsuliyyətini hücumçunun üzərinə qoymayıb. Onun fikrincə, “Çikaqo Fayr”ın heyətində Levandovskini keyfiyyətli ötürmələrlə təmin edə biləcək futbolçular çatışmır. Bu səbəbdən polşalı hücumçu tez-tez cərimə meydançasını tərk etmək məcburiyyətində qalır.
Məqalədə fevraldan mayadək davam edəcək qısaldılmış mövsümün Levandovski üçün özünü sübut etmək baxımından mühüm əhəmiyyət daşıyacağı bildirilib.