Polşa təhlükənin bir addımlığında TƏHLİL

14.09.2026

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın əksər bölgələrində baş verən qarşıdurmalar arasında ən amansızı Rusiya-Ukrayna müharibəsi hesab olunur. Hər gün tərəflər arasında yüzlər hərbçi həyatını itirir, mülki vətəndaşlar canlarından və əmlaklarından olur, şəhər və qəsəbələr məhv edilir. Müharibə isə bitmək bilmir. Əksinə siyasi təhlilçilərin gəldikləri qənaətə görə, Rusiya-Ukrayna müharibəsi sərhədlərini aşaraq Avropanı əhatə edə bilər. Artıq müharibənin ilkin işartıları görünür. Bir neçə dəfə Rusiyaya məxsus hücum dronları Latviya, Estoniya, Ruminiya, Polşa, Almaniya və digər Avropa ərazilərində görünür. Almaniyanın Leypsiq hava limanında Rusiyanın dronun uçuşlar həyata keçirməsi daha təhlükəli vəziyyət yaradıb. Çünki Almaniya bu hücumu Rusiyanın ölkənin ərazisinə basqını kimi qiymətləndirib və hücuma cavab olaraq Rusiyanın nümayəndiklərinin və mədəniyyət mərkəzlərinin bağlanmasına qərar verib. Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Bonn şəhərindəki Rusiya konsulluğunun bağlanmasına göstəriş verəcək. Bundan əlavə, Berlindəki “Rusiya evi” ilə bağlı müqaviləyə də xitam veriləcək. Bir çox müşahidəçinin fikrincə, bu mərkəzdən casusluq fəaliyyəti və Rusiya təbliğatının yayılması üçün istifadə olunub.Vadeful həmçinin Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarətin sərtləşdiriləcəyini açıqlayıb. Vadeful Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayevi Xarici İşlər Nazirliyinə çağırdığını bildirib.

Almaniyanın sərt addımlarına Rusiya tərəfindən cavab özünü çox gözlətməyib. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərbin Rusiyaya qarşı Leypsiq hava limanındakı dron hücumu ilə bağlı ittihamları əsl müharibənin başlanğıcıdır.Sergey Lavrov qeyd edib ki, Böyük Vətən Müharibəsi başlamazdan əvvəl Almaniya, indi etdiyi kimi diplomatik nümayəndəliklərini bağlamışdı.Rusiya xarici işlər nazirinin sözlərinə görə, Berlin "yenə müharibə istəyir" və "tarixin dərsləri heç öyrənilməyib".

O, Rusiya rəhbərliyinin müvafiq nəticələr çıxaracağını söyləyib: "Leypsiq, hava limanı... Onlar hansısa PUA tapıblar. Deyiblər ki, bu, Rusiya PUA-sıdır və heç kim araşdırma aparmayıb. Bu, ümumiyyətlə, elə əsl müharibənin başlanğıcıdır".Sergey Lavrov bəzi müasir "siyasi fiqurların" tezliklə "Avropa siyasətinin zirvəsindən silinəcəyi" fikrini də bildirib.

Rusiyanın Almaniyanın sayıqlığını yoxlamaq üçün istifadə etdiyi dron Polşa ərazisində də təhlükəli vəziyyətlər yaradıb. Bu ölkəyə olan dron hücumlarının intensivliyi nəhayət BATO-nu hərəkətə gətirib. Hərbi alyans Rusiyanın PUA-larla Polşanın hava məkanına daxil olması ilə əlaqədar Şimali Atlantika müqaviləsinin 4-cü maddəsini tətbiq edib. Bu barədə Polsat telekanalına Polşa hökumətinin sözçüsü Adam Şlapka məlumat verib.

“The Telegraph” nəşri iddia edir ki, Rusiya Polşanın kritik infrastruktur obyektlərini raket və ya dronlarla hədəfə ala bilər. Həmçinin rusiyalı hərbçilərin Polşa sərhədini keçərək ölkə ərazisinə daxil olması ehtimalı da istisna edilmir. Mənbələrin məlumatına görə, Moskvanın məqsədi gərginliyi artırmaq və Qərb ölkələrini Ukraynaya hərbi yardımı dayandırmağa məcbur etməkdir. Nəşrin həmsöhbətlərinin qiymətləndirməsinə əsasən, belə bir ssenari yaxın aylarda həyata keçirilə bilər.

Polşanın “Onet” nəşri Prezident Karol Navrotskiyə yaxın mənbələrə istinadla yazıb ki, Vaşinqton Varşavanı dəfələrlə belə bir əməliyyatın mümkünlüyü barədə xəbərdar edib. Polşa Müdafiə Nazirliyinin rəsmisi də “Onet”ə açıqlamasında Rusiyadan təxribat riskinin mümkünlüyünü təsdiqləyib. Bununla yanaşı, o vurğulayıb ki, Polşa artıq Rusiyaya NATO-nun sarsıdıcı cavab verməyə hazır olduğunu nümayiş etdirmək məqsədilə hərbi təlimlər keçirib.

Polşa Baş naziri Donald Tusk qarşıdakı aylarda Rusiyanın Polşa ərazisinə hücumlarını istisna etməyib. Baş nazir bu fikirləri Hökumətin Təhlükəsizlik Mərkəzində keçirilən görüşündə bildirib. Tusk qeyd edib ki, "Rusiyanın hərəkətlərinin eskalasiyası fakt halına gəlir və onun təzahürləri sərhədimizə getdikcə daha da yaxınlaşır. Sərhəd keçid məntəqələrini iflic etmək cəhdi ilk belə hadisə deyil".

Tusk güc strukturlarının rəhbərlərinə göstəriş verərək bildirib ki, bu gündən etibarən əhəmiyyətli dərəcədə gücləndirilmiş şəkildə hərəkət edəcəyimizin fərqində olmalıyıq: “Axı, bilirik və gözləyə bilərik ki, qarşıdakı həftələr və aylar Rusiyanın çox gərgin hərəkətləri dövrü olacaq. Təəssüf ki, eskalasiyanın ərazimizə də şamil olunacağını istisna edə bilmərik. Təəssüf ki, indiyə qədər baş verən hadisələr, hətta bu ən pis ssenarilərin də mümkün olduğuna dair aylardır aldığımız məlumatları təsdiqləyir”.

Polşanın Baş naziri əhalini ayıq-sayıq olmağa çağırıb: “Rusiya ölkə ərazisinə qəfil hücum edə bilər. Buna görə də, dəmir yollarında və ya müəssisələrdə dronların mümkün istifadəsinə və əməliyyatlarımızı pozmaq cəhdlərinə nə dərəcədə hazır olduğumuz barədə məlumat gözləyəcəyəm. Burada da oxşar vəziyyətlərin baş verə biləcəyini istisna etmirəm”.

Polşa müdafiə nazirinin müavini Sezari Tomçikin verdiyi məlumata görə, bazar günü Rusiyanın qərbi Ukraynaya dron hücumu zamanı 13 zərbə qeydə alınıb. Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının sözçüsü Yaçek Horişevski bildirib ki, 13 sentyabr gecəsi Rusiyanın Ukrayna bölgələrinə hücum etdiyi zaman "ölkəsinə təhlükə real idi".

Daha əvvəl Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətinin sözçüsü Andrey Demçenko Polşa ilə sərhəddəki Yaqodin keçid məntəqəsinə birbaşa zərbələr endirilmədiyini bildirib.

Bütün bunlar onu deməyə əsas verir ki, Avropada yeni müharibə ocağının yaranması qaçılmazdır. Bu müharibədə kimin qalib, kimin məğlub olacağını isə demə\k isə çox çətindir. Çünki Rusiya nüvə silahına malikdir. Almaniya, Polşa NATO-nun üzvü olan dövlətlərdir. NATO-nun isə hərbi gücü Rusiyadan üstündür, həm də bu təşkilat nüvə silahına malikdir. Deməli tərəflərdən biri məğlubiyyətin qaçılmaz olduğunu dərk etdiyi halda nüvə silahından istifadə edəcək. Nəzərə almaq lazımdır ki, Rusiya Prezidenti V.Putuin “Rusiyasız dünya bizim nəyimizə lazıdımdır” deyə bəşəriyyəti təhdid etmişdir. Ona görə də, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyamız qoca qurdların ağılsız hikkələri və iddiaları səbəbindən təhlükə ilə üz-üzədir.

İ.ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью