Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Polşa parlamentinin aşağı palatası (Sejm) ölkə üzrə gecə saatlarında alkoqol satışını, eləcə də bütün alkoqollu içkilərin reklam və təşviqini qadağan edən qanun layihəsini qəbul edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qanun layihəsi bar və restoranlar kimi müəssisələr üçün nəzərdə tutulan istisnalar xaricində, saat 22:00-dan 06:00-dək alkoqol satışının qadağan edilməsini nəzərdə tutur.
Səsvermə zamanı layihənin lehinə 400 deputat səs verib, 29 deputat əleyhinə çıxıb, 4 deputat isə bitərəf qalıb.
Rəsmilərin bildirdiyinə görə, məhdudiyyətlərin tətbiqində məqsəd ictimai təhlükəsizliyi artırmaq, gecə saatlarında səs-küyü azaltmaq və asayişlə bağlı problemlərin qarşısını almaqdır. Yerli hakimiyyət orqanları qadağanın müddətini saat 21:00-dan 09:00-dək genişləndirə biləcəklər.
Yeni tənzimləmə ilə əvvəllər pivə reklamına icazə verən istisnanın da ləğvi, bütün alkoqollu içkilərin reklam və təşviqinə tam qadağa qoyulması nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, satıcılar müştərinin qanuni alkoqol istehlakı yaşına çatdığına əmin olmadıqda, ondan şəxsiyyət vəsiqəsi tələb etməli olacaqlar.
Qadağanı pozan şəxslərə 30 min zlotıdan 1 milyon zlotıyədək (təxminən 6 min–228 min avro) cərimə tətbiq oluna bilər.
Qanunun qüvvəyə minməsi üçün layihə əvvəlcə parlamentin yuxarı palatası olan Senat tərəfindən təsdiqlənməli, daha sonra prezident tərəfindən imzalanmalıdır. Tənzimləmənin 1 yanvar 2027-ci ildə qüvvəyə minməsi planlaşdırılır.
Qeyd edək ki, Polşanın bəzi şəhərlərində ölkə səviyyəsində qərar qəbul edilməzdən əvvəl də gecə saatlarında alkoqol satışına məhdudiyyətlər tətbiq olunub. Paytaxt Varşavada şəhər üzrə qadağa iyun ayında qüvvəyə minib. Krakov, Bıdqoş, Qdansk və Şetsin şəhərlərində də gecə alkoqol satışına məhdudiyyətlər mövcuddur.
Gülay