Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tarix heç nəyi unutmur və yaddan çıxarmır. Yaxşı əməl sahibi olanlara mükafat, qəlblərdə rəhmət, nankorluq edib, milli və dövlətçilik maraqlarına qarşı çıxanlar isə qınaq və ittiham obyekti olurlar. Uzağa getməyək. Müasir dövrümüzdə Azərbaycanın əldə etdiyi möhtəşəm uğurlara, parlaq zəfərlərə qısqanclıqla baxan kifayət qədər sapı özümüzdən olan baltalar var. Onların bəziləri xarici maraqlı dairələrin əlində alət olduğundan, bəziləri isə ağıllarında və düşüncələrində ciddi qüsurlar müşahidə edildiyindən Azərbaycan dövlətinə qarşı ittihamlarla çıxış edirlər. Xaricdəki antimilli ünsürlər isə yaşadıqları ölkələrdə oturum izninin vaxtının uzadılmasına nail olmaq və həmin ölkələrin maraqlı dairələrindən tula payı əldə etmək üçün doğulub boya-başa çatdıqları Azərbaycana qarşı şər və böhtanlar atırlar.
Araşdırmalarla məlum olur ki, ölkəmizin iç məsələlərinə dair məlumatların xarici agentlərə, xüsusi xidmət orqanlarına çatdırılmasında Azərbaycanın dağıdıcı müxalifəti xüsusi fəallıq göstərir. Misal olaraq, Almaniyada yenidən formalaşan nasistlərin liderlərindən olan Frank Şveber açıqlamalarında qeyd edir ki, o, Azərbaycanla bağlı məlumatları, xüsusilə də "siyasi məhbus", müxalifətin durumu, əhalinin yaşayışı, dövlətin apardığı siyasət və digər məsələlərlə bağlı məlumatları Azərbaycan müxalifət liderlərindən alır. Nasistin dediyinə görə, o, daim Azərbaycan müxalifəti ilə əlaqədədir.
F.Şveberin fikirlərindən bir daha o anlaşılır ki, Azərbaycanın dağıdıcı müxalifəti, xüsusilə də Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər, Arif Hacılı, AXCP -nin dövlət çevrilişinə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunan sədri Əli Kərimli və digərləri Azərbaycan dövlətinə qarşı xəyanət yolu tuturlar, satqınlıq edirlər. Bu məxluqların, eləcə də Prezident Administrasiyasının keçmiş rəhbəri, məhkəmənin qərarı ilə 14 il azadlıqdan məhrum edilmiş Ramiz Mehdiyevin ifşa edilməsindən sonra satqınlıq və xəyanət əməlləri ilə bağlı daha detallı məlumatlar üzə çıxmağa başlayıb. Məlum olur ki, "KQB"-nin şinelindən çıxan Əli Kərimli, İsa Qəmbər sonradan sovetlərin dağılmasından sonra Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq münasibətlərini davam etdiriblər. Məhz 2013-cü il prezident seçkiləri ərəfəsi yaradılan Milli Şuranın da əsas ideya müəllifi Rusiya xüsusi xidmət orqanları olub. Məqsəd bu qondarma qurum vasitəsilə Azərbaycanda dövlət çevrilişi həyata keçirib, yenidən ölkəni xaos və anarxiya girdabına salıb əzmək idi. Ancaq məkrli niyyətləri baş tutmadı və ifşa edildilər.
İsa Qəmbərin keçmişi və bu günü
Ramiz Mehdiyev işi ilə bağlı istintaq araşdırmaları aparılarkən dəstə üzvləri arasında AXCP sədri Əli Kərimlinin, onun müavini Məmməd İbrahimin və digərlərinin fəallıqları ilə seçildikləri məlum oldu. Ona görə də, Ə.Kərimli, M. İbrahim və digərləri həbs olundular. Ancaq nədənsə yenə də Müsavat başqanı İsa Qəmbər və həmin partiyanın Ali Məclisinin sədri Arif Hacılı məsuliyyətdən kənarda qaldılar. Əslində, bütün çirkin əməllərdə Ə.Kərimli və İsa Qəmbərlə birlikdə iştirak ediblər. Hələ ötən əsrin 80-ci illərin sonunda Ə.Kərimli və İ.Qəmbər DTK-nın nəzarətində püxtələşmiş və xalq hərəkatının sıralarına qoşulmuş şəxslər olublar. 1980-ci illərin sonlarında sovet respublikalarında azadlıq tələbi ilə meydana gələn milli hərəkatları nəzarətə götürmək istiqamətində işləyən DTK Azərbaycanda da analoji addımlar atdı. Həmin vaxt Azərbaycanda milli hərəkatda liderliyi ələ almağa yaxın təşkilatlar arasında ən fəalı "Çənlibel" olsa da, bu, təşkilata nüfuz etmək imkanları məhdud olan DTK üçün sərfəli deyildi. DTK "Çənlibel"i sıradan çıxarmaq və milli hərəkatı nəzarətə götürmək məqsədilə alternativ təşkilatın yaradılması taktikasına əl atdı.
İsa Qəmbərin siyasətə gəlişində "qapı" rolunu oynayan "Gənc alimlər klubu" məhz bu məqsədlə ortaya çıxdı. "Gənc alimlər klubu"nu DTK-nın sifarişi ilə həmin vaxt Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində ikinci katib olan Viktor Polyaniçko yaratmışdı. Klubda Polyaniçkonun ən sevimli fiqurunun İsa Qəmbər olması da təsadüfi deyildi. Faktlar göstərir ki, milli hərəkatı nəzarətə götürmək üçün öz adamlarını "milli fəallar" kimi meydana daxil edən DTK hadisələrin inkişafına uyğun plan hazırlayıb. İlk hədəf meydan hadisələrini yatırtmaq idi. Bu məqsədlə meydanda "fəal" olan DTK-nın casusları mitinqlərə müdaxilə üçün zəmin hazırlayırdılar. Məlumatlara görə, İsa Qəmbər 1988-ci ilin noyabr mitinqlərinin dağıdılması üçün rəsmi strukturlara bəhanə verilməsində aktiv rol oynayanlardan olub. Mitinqlərə müdaxiləyə zəmin yaradılmasında Nümayiş Komitəsi bu prosesdə xüsusi canfəşanlıq göstərib. Əsas qərargahı Müəllimləri Təkmilləşdirmə İnstitutunda yerləşdirilən komitəyə Viktor Polyaniçkonun özü də gəlirmiş. Məlumatlara görə, komitədə əsas fəaliyyət göstərənlər İsa Qəmbər, Arif Hacıyev, Fəhmin Hacıyev, Tofiq Qasımov idi.
İsa Qəmbərin fəal üzvü olduğu "Gənc alimlər klubu"nu kim yaratmışdı?
Azərbaycan Xalq Cəbhəsinin yaradılması, eləcə də İsa Qəmbərin ölkənin aparıcı ziyalılarının aktiv təəssübkeşi kimi "önə çıxması" da bu zaman baş verdi. SSRİ-yə qarşı mübarizə aparan AXC-nin nizamnaməsinin Bakı şəhər Partiya Komitəsində hazırlanması onun arxasında DTK-nın olduğunu təsdiq edən detallardandır. Bununla yanaşı, AXC-nin 1989-cu illərdə keçirdiyi mitinqlərdə kommunistlərin də aparıcı fiqurlar kimi çıxış etməsi təsadüfi deyildi. Misal üçün, 1989-cu il iyun ayının 4-də "Spartak" stadionunda keçirilən mitinqdə AXC-ni İsa Qəmbər və rəsmi olaraq, "Kommunist" qəzetinin redaktoru, faktiki olaraq isə Əbdürrəhman Vəzirovun kadr siyasəti üzrə müşaviri funksiyasını icra edən Cəmil Əlibəyov təmsil edirdilər.1990-cı il 20 Yanvar qırğını zamanı baş verənlər isə İsa Qəmbərin DTK-nın gizli agenti olduğuna şübhə yeri qoymadı. Açıq mənbələrdə yayılan məlumatlardan aydın olur ki, Viktor Polyaniçkonun yaratdığı, İsa Qəmbərin təmsil olunduğu "Gənc alimlər klubu" 20 yanvar faciəsinin törədilməsinə zəmin hazırlayıb. Məlumatlara görə, həmin ilin yanvar ayının ilk ongünlüyündə AXC-nin ilk konfransında parçalanma yaradan, nəticədə radikal qanadın Müdafiə Şurası yaratmasına nail olan "Gənc alimlər klubu" baş verəcəkləri izləmək üçün fəaliyyətini arxa plana çəkib.
"20 Yanvar hadisələrindən öncə Primakov Əbülfəz Elçibəyi və İsa Qəmbəri qəbul edib"
20 Yanvar hadisələri baş verərkən, daha öncə xalqı meydanlara səsləyən İsa Qəmbərin yoxa çıxması onun DTK ilə əlaqələrində əsas məqamlardan biridir. Meydan hərəkatının üzvlərindən olan Zərdüşt Əlizadənin sözlərinə görə, İsa Qəmbəri qoruyanlardan biri Yanvar qırğınının əsas təşkilatçılarından olan Yevgeni Primakov olub. 20 Yanvar hadisələrindən öncə Primakov Əbülfəz Elçibəyi və İsa Qəmbəri qəbul edib. Z. Əlizadənin sözlərinə görə, görüşdə Primakov bildirib ki, hazırkı şəraitdə xalqı küçəyə çıxarmayın. İsa Qəmbər də deyib ki, "dinc nümayişlər xalqın konstitusion hüququdur: "Primakov sonra deyib ki, "İsa çox qiymətli kadrdır, onu qoruyun". İsanın dediyi Primakovun planına uyğun idi". Məlumatlara görə, 1990-cı il yanvarın 19-da – qırğından bir gün öncə AXC-nin fəallarına divan tutulması müzakirə olunarkən, Viktor Polyaniçko İsa Qəmbər haqqında "İsa Kambar naş çelovek!" deyib və daha sonra onun qorunmasını təmin edib. Əslində, Viktor Polyaniçkonun yaratdığı "Gənc alimlər klubu"nda "parlayan" İsa Qəmbərin xidmətləri qarşılığından qorunması gözlənilən idi. Yanvar hadisələri baş verəndə yoxa çıxan İsa Qəmbər Vaqif Səmədoğlunun evində çay qonaqlığında imiş. Məlumatlar var ki, İsa Qəmbəri Səmədoğlunun evinə göndərən də məhz Polyaniçko olub. Bu hadisələrdən sonra İsa Qəmbər DTK-nın təlimatı ilə Şimali Azərbaycan Demokrat Partiyasının yaratdığını elan etsə də, daha sonra Müsavat Partiyasını qurdular. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının davam etdirilməsi kimi görünsə də, əslində, DTK-nın bu mirası da öz nəzarətinə götürdüyü haqda məlumatlar var. Müsavat Partiyasının yaradılması ideyası Türkiyədə özlərini Məmməd Əmin Rəsulzadənin silahdaşı kimi qələmə verənlərdən gəlmişdi. Konkret desək, Ankarada fəaliyyət göstərən "Azərbaycan Kültür Dərnəyi" adlı qurumun üzvləri Əhməd Qaraca və Mehmet Kəngərli bu prosesdə fəallıq nümayiş etdirirdi. Əhməd Qaraca və Mehmet Kəngərli özlərini Məmməd Əmin Rəsulzadənin silahdaşı və məsləkdaşı kimi qələmə versələr də, onların 30 il ərzində Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) Türkiyə təmsilçiləri olmaları şübhəli idi. Məlumdur ki, SİTA-nın SSRİ Baş Kəşfiyyat İdarəsinin kurasiyasında olan və əsasən kəşfiyyat xarakterli məlumatlar toplayan Sovet məlumat bürosu olub. SİTA-nın müxtəlif ölkələrdəki əməkdaşları da birbaşa SSRİ kəşfiyyatı üçün məlumatların toplanması işini həyata keçirirdi. İsa Qəmbərə Müsavat Partiyasını qurması üçün xeyir-dua verənlər də Türkiyədə Rusiya kəşfiyyatına məlumat toplayan dairələr idi. Təkcə bu detal İsa Qəmbər də daxil olmaqla həmin şəbəkənin SSRİ DTK-sı tərəfindən yetişdirildiyini deməyə əsas verir.
İsa Qəmbər həm də fars-molla rejiminin əlaltısı rolunda çıxış edir
İsa Qəmbərin heç zaman sabit və Azərbaycan xalqının maraqlarına hesablanan siyasəti olmayıb. Bu məxluq Türkiyədə türkçü, Rusiyada avrasiyaçı, Avropada liberal-demorkat, İslam aləmində dindar kimi göstərməyə çalışıb. Ancaq reallıq ondan ibarətdir ki, İ.Qəmbər əqidə yoldaşı Əli Kərimli kimi Rusiyanın agenti, fars-molla rejiminin məkrli planlarını yerinə yetirməyə çalışan şəxs olub. Dəfələrlə fars-molla rejimin sifarişlərini yerinə yetirmək üçün müxtəli təşəbbüslərlə çıxışlar edib. Hələ İsa Qəmbər 1999-cu il aprelin 21-də VHP-nin qərargahında "Azərbaycan siyasətində İran faktoru" mövzusunda keçirilmiş elmi-praktiki konfransda bir daha "əsrin müqaviləsi" əleyhinə fikirlər səsləndirmiş və qeyd etmişdir ki, kəmərin keçməsi üçün ən əlverişli yol "İran" ərazisidir. Utanıb çəkinmədən bəyan etmişdir ki, əgər onlar yenidən hakimiyyətə gəlsələr, layihədə dəyişikliklər etməklə, neft ixracı kəmərinin Bakı-Şimali "İran" variantına üstünlük verəcəyik.
Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər, Arif Hacılı və digərləri bu gün də işlək əlcək rolunda çıxışlarını davam etdirirlər. Vaxtaşırı İnternet TV-lərə çıxan İ.Qəmbər Azərbaycan xalqını təhdid edən açıqlamalarla çıxış edir və bildirir ki, insanların səssizliyi müxalifət partiyası olaraq onları narahat edir. İ.Qəmbər insanları küçələrə çıxmağa da səsləyir. Bu isə qanunvericiliyin tələblərinə ziddir və cinayət məsuliyyəti yaradır. Ona görə də, Azərbaycan hüquq -mühafizə orqanları təxirəsalınmaz tədbirlər görməli və İsa Qəmbəri, dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs edilən və hazırda məhkəməsi keçirilən dostu və ortağı Ə.Kərimlinin yanına göndərməlidir.
İ. ƏLİYEV