Pomidor yetişdirənlər bunlara ƏMƏL ETSİN

08.09.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Kanadalı alimlər pomidor bitkilərini bakterial xəstəlikdən qoruyan və eyni zamanda onların böyüməsini sürətləndirən üç bakteriya ştammı aşkarlayıblar.

Redaktor.az xəbər verir ki, araşdırma Kanada Milli Elmi Tədqiqatlar İnstitutunun (INRS) professoru Erik Dezyelin rəhbərlik etdiyi komanda tərəfindən aparılıb. Tədqiqatın nəticələri “Applied and Environmental Microbiology” jurnalında dərc olunub.

Məlumata görə, pomidorlarda bakterial xərçəng xəstəliyinə Clavibacter michiganensis mikroorqanizmi səbəb olur. Xüsusilə istixanalarda geniş yayılan bu xəstəlik məhsuldarlığın əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər.

Kimyəvi bitki mühafizə vasitələrinə bioloji alternativ tapmaq məqsədilə tədqiqatçılar əvvəllər müxtəlif tərəvəzlərin yetişdirildiyi sahələrdən əldə edilmiş 500-dən çox bakteriyanı araşdırıblar.

Aşkar edilən ştammlardan biri xəstəliyə yoluxmuş pomidorlarda simptomların yaranmasını yeddi günədək gecikdirib və xəstəliyin şiddətini əhəmiyyətli dərəcədə azaldıb. Digər iki bakteriyanın da bitkiləri xəstəlikdən qoruduğu və eyni zamanda onların böyüməsini sürətləndirdiyi müəyyən edilib.

Tədqiqatın ilk müəllifi, ekoloji mikrobiologiya üzrə tədqiqatçı Nasim Sedigian bildirib ki, bakteriyaların həm bitkiləri qoruması, həm də onların böyüməsinə kömək etməsi davamlı kənd təsərrüfatı üçün yeni imkanlar yaradır. Genetik analiz iki bakteriya ştammının Pseudomonas marginalis qrupuna aid yeni bakteriya xəttinə daxil ola biləcəyini göstərib. Alimlər hesab edirlər ki, bu bakteriyaların aşkarlanması bitkilərlə qarşılıqlı əlaqədə olan faydalı mikroorqanizmlərin daha ətraflı öyrənilməsinə imkan verəcək.

Tədqiqat müəllifləri gələcəkdə bu bakteriyaların bitkilərin mühafizəsi üçün yeni vasitələrin hazırlanmasına və bəzi kimyəvi preparatların istifadəsinin azaldılmasına kömək edəcəyinə ümid edirlər. Bununla belə, bakteriyaların kommersiya məqsədilə istifadəsindən əvvəl onların real əkin şəraitində səmərəliliyi yoxlanılmalı və tətbiq üçün optimal üsul müəyyən edilməlidir.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью