Pomidorun xeyri nədir? ARAŞDIRMA

29.06.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pomidorun tərkibində olan likopen maddəsi ürək-damar sisteminin sağlamlığını dəstəkləyə və bir sıra ürək xəstəliklərinin inkişaf riskini azalda bilər.

Redaktor.az xəbər verir ki, bu nəticəyə Polşanın Poznan Kənd Təsərrüfatı Elmləri Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Alimlər pomidorun kimyəvi tərkibi və bioloji xüsusiyyətləri ilə bağlı məlumatları təhlil edərək müəyyən ediblər ki, onun faydalı təsiri əsasən karotinoidlər, polifenollar, vitaminlər və mineralların yüksək miqdarı ilə bağlıdır. Xüsusi diqqət isə pomidora qırmızı rəng verən güclü antioksidant – likopenə yönəldilib.

Tədqiqat müəlliflərinin sözlərinə görə, likopen iltihabı və oksidləşdirici stresi azaltmağa, hüceyrələri zədələnmədən qorumağa, damarların elastikliyini yaxşılaşdırmağa kömək edir. Bu xüsusiyyətlər hipertoniya, ateroskleroz və digər ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynaya bilər.

Araşdırma göstərib ki, faydalı maddələr təkcə təzə pomidorda deyil, həm də pomidor şirəsi, sous, püre və konserv məhsullarında da saxlanılır. Bəzi hallarda istilik emalı likopenin orqanizm tərəfindən mənimsənilməsini daha da asanlaşdırır.

Alimlər qeyd ediblər ki, pomidordakı faydalı maddələrin miqdarı onun növündən, yetişmə dərəcəsindən, becərilmə şəraitindən və hazırlanma üsulundan asılıdır. Tam yetişmiş pomidorlarda likopenin miqdarı daha yüksək olur.

Tədqiqat çərçivəsində pomidorun tərkibindəki oksalatlar və oksalat turşusu da araşdırılıb. Mütəxəssislərin qənaətinə görə, bu maddələr qida maddələrinin mənimsənilməsini müəyyən qədər azaltsa da, pomidorun adi miqdarda istehlakı zamanı onların sağlamlığa mənfi təsiri əhəmiyyətli hesab edilmir.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью