Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Almaniyanın lüks avtomobil istehsalçısı “Porsche”nin gəliri 2026-cı ilin üçüncü rübündə illik müqayisədə 7,5% azalaraq 8,05 milyard avroya düşüb.
Banco.az xəbər verir ki, şirkətin maliyyə hesabatına əsasən, gəlirlərin azalmasına baxmayaraq, “Porsche” əməliyyat mənfəətini bərpa edərək 387 milyon avroya çatdırıb. Ötən ilin eyni dövründə yüksək birdəfəlik xərclər səbəbindən əməliyyat nəticəsi 966 milyon avro mənfi olmuşdu. Şirkətin əməliyyat mənfəət marjası isə bazar gözləntilərinə uyğun olaraq 4,8% təşkil edib.
Doqquz ayın yekunlarına görə, “Porsche”nin vergilərdən sonrakı xalis mənfəəti 1,82 milyard avroya yüksəlib. Müqayisə üçün, ötən ilin eyni dövründə restrukturizasiya xərclərinin təsiri ilə bu göstərici cəmi 114 milyon avro təşkil etmişdi.
Şirkətin maliyyə nəticələrinə təsir edən əsas amillərdən biri onun mühüm bazarlarından olan Çində tələbatın zəifləməsidir. İlin əvvəlindən bəri “Porsche”nin qlobal avtomobil tədarükləri 16% azalaraq 178 352 ədədə enib.
Elektrikli avtomobillərə tələbatın gözlənilən səviyyədə olmaması şirkəti uzunmüddətli strategiyasına yenidən baxmağa vadar edib. Şirkət gələcək investisiyalarının bir hissəsini ənənəvi daxiliyanma mühərriklərinin inkişafına və modernləşdirilməsinə yönəltməyi planlaşdırır.
Almaniya avtomobil sənayesi də son illərdə ciddi çətinliklərlə üzləşib. COVID-19 pandemiyasının yaratdığı problemlərdən sonra enerji qiymətlərinin artması, Çin istehsalçılarının rəqabətinin güclənməsi və ABŞ-ın tarif siyasəti sektora əlavə təzyiq göstərib. Yaxın Şərqdəki gərginliyin iqtisadi nəticələri də avtomobil istehsalçıları üçün risklər yaradır.