Post terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? RƏSMİ

02.10.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kartdan-karta köçürmə əməliyyatlarına limit qoyulmağa başladıqdan sonra çətinlik çəkənlərdən biri də taksi sürücüləridir. Müştərinin nağd pulu olmur və nəticədə vəziyyət qarışır. Bu problemin həlli yollarından biri də taksidə post-terminalın olmasıdır.

Bəs taksidə post-terminal yoxdursa, buna görə sürücülərə və ya şirkətə hansısa cərimə nəzərdə tutulurmu?

Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəoğlu Bakıvaxtı.az-a açıqlama verib.

Ekspert bildirib ki, hazırda mobil post-terminallar mövcuddur və daşıyıcılardan bu tələblərə əməl etmələri tələb olunur:

“Hazırda mobil post-terminallar mövcuddur. Əgər belə bir hal varsa, AYNA-ya müraciət edib, həmin daşıyıcı barəsində müvafiq tədbir görülməsini təmin etmək olar. Düşünürəm ki, tələbə əməl etmək lazımdır və vətəndaş da ödənişini ona hansı üsul rahatdırsa, həmin formada edə bilər. Yəni ya nağd, ya da nağdsız ödəniş mümkündür. Burada fiziki olaraq post-terminalın olması ilə yanaşı, müasir banklar artıq telefonlar vasitəsilə də bu xidməti təklif edirlər”.

Nəqliyyat eksperti Rauf Ağamirzəoğlu

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mövzu ilə bağlı Bakıvaxtı.a-ın sorğusuna cavab olaraq bildirib ki, taksi xidmətlərinə görə ödəniş həm nağd, həm də nağdsız şəkildə həyata keçirilə bilər.

Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq tələblərinə əsasən, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminalların olması məcburidir.

AYNA sərnişinlərə taksi xidmətləri zamanı qarşılaşdıqları problemlərlə bağlı qurumun “141” Çağrı Mərkəzinə və ya sosial şəbəkə hesablarına müraciət etməyi tövsiyə edib.

Agentlikdən bildirilib ki, müraciət zamanı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının təqdim edilməsi xahiş olunur.

AYNA-nın məlumatına görə, taksi xidmətlərinin keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və neqativ halların qarşısının alınması üçün müvafiq tədbirlər görülür.

Bolt şirkəti isə Bakıvaxtı.az-a bildirib ki, şirkət ilə əməkdaşlıq edən sürücülər nağdsız ödənişləri tətbiq vasitəsilə qəbul edə bilirlər. Bu isə POS terminalların istifadəsinə ehtiyac yaratmır.

“Bununla yanaşı, dövlət tərəfindən müəyyən edilmiş tələblərin icrası ilə bağlı bütün mərhələlərdə Bolt tərəfdaşlarına dəstək göstərir”, - deyə şirkətdən bildirilib.

Vurğulanıb ki, şirkət əməkdaşlıq etdiyi bütün sürücüləri qaydalara riayət etmələri və təhlükəsizliyin təmin olunması ilə bağlı davamlı olaraq məlumatlandırır. 

Qeyd edək ki, məsələ ilə bağlı digər taksi şirkətləri “Uber Azərbaycan” və “Yango”ya sorğu ünvanlasaq da, sorğumuz cavabsız qaldı.

  Günəş Mərd 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью