Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yer üzündən silinmiş şəhər təməlindən ucaldılır
Vətən müharibəsinin 21-ci günündə – 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edildi. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, həmin tarix Füzuli Şəhəri Günü kimi qeyd olundu.
İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərdən biri olan Füzuli uğrunda savaşın ilk saatlarından bu rayonun təmas xəttindəki bir neçə müdafiə zolağının yarılması nəticəsində ordumuz strateji üstünlüklər əldə etdi, doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaət və qəhrəmanlıq göstərdi. Silahlı Qüvvələrimiz uğurlu Füzuli əməliyyatı ilə Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələrini də işğalçıdan təmizlədi.
Füzuli uğrunda savaş Vətən müharibəsində ən ağır döyüşlərdən oldu. Belə ki, düşmən 30 il ərzində cəbhənin təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Hətta buna görə bir çoxu Füzulini işğaldan azad etmək üçün uzun müddət lazım olacağını düşünürdü. Lakin Azərbaycan əsgəri Vətən torpaqları naminə bütün maneələri ildırım sürəti ilə keçməyə qadir olduğunu sübuta yetirdi.
Müharibənin ilk günündə Füzuli istiqamətində Horadiz, Qərvənd, Qaraxanbəyli, Cəbrayılda isə Böyükmərcanlı, Nüzgar kəndlərinin, Kəlbəcərdə Murovdağ zirvəsinin azad edilməsi düşmən cəbhəsinin yarılması ilə nəticələndi. Ağır itkilər verən Ermənistan ordusu geriyə çəkilməyə başladı. Düşmənin keçilməz “Ohanyan səddi” adlandırdığı istehkam xətti də qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində bir neçə saat ərzində yarıldı.
Hərbi əməliyyatlar kompleks şəkildə və planlı olaraq aparılırdı. Kənd Horadiz istiqamətindən yüksəkliklərə irəliləyən kəşfiyyat qrupları, artilleriya bölmələrinə ötürülən dəqiq koordinatlar və nəticədə, düşmənin məhv edilməsi ordumuzu qələbəyə yaxınlaşdırırdı.
Ermənistan silahlı qüvvələrinin ən çox möhkəmləndiyi Füzuli şəhərini azad etmək məqsədilə ərazini mühasirəyə almaq və düşməni yerində məhv etmək üçün xüsusi plan hazırlandı. Strateji yüksəkliklər, düşmənin möhkəmləndiyi ərazilər qəhrəman oğullarımızın şücaəti sayəsində azad olundu. Davam edən uğurlu hərbi əməliyyatlar və Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində oktyabrın 3-də cəbhənin cənub-şərq istiqamətində Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtərin Suqovuşan və Talış kəndləri düşməndən təmizləndi.
Növbəti gün Cəbrayıl şəhəri, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl, Karxulu, oktyabrın 5-də isə Şıxalıağalı, Sarıcallı və Mərəzə kəndləri azadlığa qovuşdu. Artıq erməni hərbçilərinin Füzulidəki təminat yollarını sıradan çıxarmağın vaxtı çatmışdı. Oktyabrın 9-da Azərbaycan Ordusunun yüksək dəqiqliklə apardığı hərbi əməliyyatlar nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sor kəndi, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qaracallı, Əfəndilər və Süleymanlı kəndlərinin azad edilməsi düşmən arxasına keçməyə əlverişli şərait yaratdı.
Oktyabrın 14-də isə əlverişli yüksəkliklər və mövqelər – Füzuli rayonunun Qarakollu, Xatınbulaq, Qaradağlı, Xocavəndin Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü və Tağaser kəndləri azad olundu. Növbəti gün aparılan hərbi əməliyyatlar zamanı Xocavəndin Edişə, Düdükçü, Edilli, Çiraquz, Füzulinin Arış, Cəbrayılın isə Doşulu kəndləri düşməndən təmizləndi.
Füzuli əməliyyatına bir gün qalırdı. Hələ azad olunası bir neçə yüksəklik vardı. Xocavəndin Xırmancıq, Ağbulaq, Axullu kəndləri də Azərbaycan Ordusunun nəzarətinə keçdi və beləliklə, Füzuli şəhəri mühasirəyə alındı. Nəhayət, oktyabrın 16-dan 17-nə keçən gecə şəhərin azad olunması əməliyyatını yerinə yetirmək vaxtı çatmışdı.
Azərbaycan Ordusu qarşıya qoyulan əməliyyat planının sonuncusunu da uğurla yekunlaşdırdı – Füzuli şəhəri, Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli ətraf kəndləri azadlığa qovuşdu. Uğurlu əməliyyat nəticəsində düşmən məhv edildi, yüzlərlə hərbi texnika, silah-sursat qənimət kimi götürüldü.
Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun əldə etdiyi Füzuli Zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 17-də Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırması isə hər birimizi qürurlandırdı. Ali Baş Komandan elə həmin gün bu qələbə müjdəsini xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”.
Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən darmadağın edilərək xarabalığa çevrilmişdi. Burada daş-daş üstə belə qalmamışdı. Sanki bu yerlərdən vəhşi qəbilə keçmiş, hər şeyi viran qoymuşdu. Düşmən bu ərazilərdə hərbi birləşmələrini gücləndirməklə, istehkam və maneələr yaratmış, özünə müdafiə xətti qurmuşdu.
Füzuli, eyni zamanda, azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. Burada yüz mindən çox mina basdırılıb. Bu da quruculuq işlərində müəyyən əngəllər törədir. Buna baxmayaraq, müharibədən sonrakı illərdə rayon ərazisində çox sayda bağça, məktəb və xəstəxana tikilib, rahat yollar, yaraşıqlı parklar, yaşayış kompleksləri salınıb. Bu istiqamətdə layihələrin icrası davam etdirilir. Füzuli rayon sakinlərinin bir hissəsi doğma yurd yerlərinə qayıdıb.
Qeyd edək ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin isə 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Böyük Qayıdış Proqramı çərçivəsində 2023-cü il avqustun 18-dən Füzuli şəhərinə köç prosesi başlanıb. Bu il oktyabrın 1-dək şəhərə 827 ailə, ümumilikdə, 3 min 153 nəfər köçürülüb. Doğma yurda qayıdan ailələrin yeni evlərdə məskunlaşması, sosial şəraitin yaxşılaşdırılması və şəhər həyatının bərpası Füzulinin dirçəlişinin əsas göstəricilərindən birinə çevrilib. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa olunacaq Füzuli işğaldan azad edilən ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Şəhərin dayanıqlı inkişafına, sakinlərin rifahına töhfə verəcək “ağıllı” şəhər konsepsiyası irəli sürülüb.
2021-ci il yanvarın 14-də təməli atılan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi doqquz aya inşa edildi və oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Bu hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddətdə tikilən ilk hava limanıdır. Hazırda Şuşaya, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya gedən qonaqlar da bu aeroportdan istifadə edirlər.
Bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidən qurulur, tarixi abidələri bərpa olunur. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir.
V.BİNYATOĞLU
XQ