“PowerChina”nın ortaq layihəsi

24.07.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Energetika naziri Pərviz Şahbazov “PowerChina resources Ltd.” şirkətinin prezidenti Yanq Tianfu ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə “PowerChina” şirkətlər qrupu arasında bərpa olunan enerji sahəsində uğurla inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə olunub. Şirkətin Azərbaycanda həyata keçirilən yaşıl enerji layihələrində fəal iştirak etdiyi qeyd olunub.

Bildirilib ki, “PowerChina”nın törəmə şirkəti “Huadong Engineering Co., Ltd.” 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinin baş podratçısı olub, hazırda isə “Masdar”ın 200 meqavatlıq “Abşeron” Külək Elektrik Stansiyası layihəsinin baş podratçısı qismində fəaliyyət göstərir.

Görüşdə “PowerChina resources Ltd.” şirkəti ilə 160 meqavat gücündə günəş elektrik stansiyası layihəsi, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, günəş elektrik stansiyası layihəsi üzrə görülmüş işlər nəzərdən keçirilib. “PowerChina resources Ltd.”-nin həyata keçirdiyi işlərin Energetika Nazirliyinin prioritet layihələri sırasında yer aldığı vurğulanıb.

Söhbət əsnasında bərpaolunan enerji mənbələrinin elektrik şəbəkəsinə təhlükəsiz inteqrasiyası, elektrik enerjisinin ötürmə infrastrukturunun inkişafı və enerji saxlama sistemlərinin tətbiqi perspektivlərinə toxunulub. Bildirilib ki, yeni generasiya güclərinin sistemə inteqrasiyası elektrik şəbəkəsinin inkişafı üzrə aparılan texniki-iqtisadi əsaslandırmanın nəticələri nəzərə alınmaqla həyata keçiriləcək. Bu çərçivədə layihələrin icrası zamanı enerji sisteminin dayanıqlılığının təmin edilməsi əsas prioritetlərdən biri kimi qiymətləndirilib.

Yekunda layihələrin uğurla həyata keçirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi və texniki səviyyədə məsləhətləşmələrin intensivləşdirilməsi barədə razılıq əldə olunub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью