Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Praqa, 10 noyabr, AZƏRTAC
Praqanın “Forum Karlín” konsert zalında “Rammstein Symphonic Experience” konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, rok musiqisinin enerjisini simfonik orkestrin zəngin səslənməsi, işıq və səhnə effektləri ilə birləşdirən layihədə azərbaycanlı musiqiçilər də iştirak ediblər.
Orkestrə həmyerlimiz, skripkaçı, bəstəkar və dirijor Anar Bramo rəhbərlik edib. Fortepianoda isə pianoçu Nərmin Nəcəfli çıxış edib.
Anar Bramonun rəhbərlik etdiyi layihə 11 ölkəni əhatə edən və 29 konsertdən ibarət beynəlxalq tur çərçivəsində Avropanın müxtəlif səhnələrində təqdim olunur.
Konsert zamanı 2020-ci il noyabrın 7-də təqdim edilmiş “Ürəyim Şuşa” mahnısı və klipi də xatırlanıb. Azərbaycan, rus və ingilis dillərində hazırlanan layihə 44 günlük Vətən müharibəsi zamanı Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə reallaşdırılıb. Musiqisi müharibədən az əvvəl bəstələnən mahnı həmin dövrdə Zəfərə inamın və Vətən sevgisinin rəmzinə çevrilib.
Qeyd edək ki, “Rammstein Symphonic Experience” layihəsi noyabrın 30-da Bakıda, Heydər Əliyev Sarayında da təqdim olunacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa