Icma.az bildirir, futbolpress-az portalına istinadən.
UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın BOS-da Çexiya çempionu “Slaviya”nı 2:0 hesabı ilə məğlub etməsi Mərkəzi Avropada zəlzələ effekti yaradıb. Kağız üzərində aşkar favorit sayılan, zəngin təcrübəyə malik Praqanın “qırmızı-ağlar”ının Bakıda çöküşü Bohemiya idman mediasında dərin məyusluq, kəskin tənqid və təəccüblə qarşılanıb. Dövlət televiziyasından tutmuş müstəqil analitik portallara qədər bütün mətbuat həmin oyunu “Slaviya” üçün utanc və fiasko, “Sabah” üçün isə möhtəşəm tarixi zəfər kimi qiymətləndirib.
“9 illik klub qarşısında acizlik”
Çexiya mətbuatında ən çox vurğulanan və “Slaviya” azarkeşlərini hövsələdən çıxaran əsas məqam iki klubun tarixi və təcrübəsi arasındakı uçurumdur. “Ruik.cz” portalından Mixal Sedlaçek oyunla bağlı icmalını “Avropa bizi lağa qoyur! Cəmi 9 il əvvəl yaradılan komandaya məğlub olduq” başlığı ilə təqdim edib. Sayt fanatların sosial şəbəkələrdəki kəskin reaksiyalarını sitat gətirərək qeyd edir ki, hazırki durum artıq sadəcə gərginlik yox, əsl rüsvayçılıqdır. Daxili çempionatda vahid lider olan komandanın “9 yaşlı bir klub” qarşısında aciz qalması, azarkeşlərin fikrincə, ölkə futbolunun Avropadakı nüfuzuna vurulan ağır zərbədir.
“Seznam Zprávy” nəşrinin yazarı Yan Paliçka isə “Çempionlar Liqasında biabırçılıq” başlıqlı yazısında “Slaviya”nın iddialarını sərt şəkildə sorğulayır. Müəllif qeyd edir ki, Çempionlar Liqasının “zədəganlar ailəsinə” aid olduğunu iddia edən bir komanda cəmi 9 il əvvəl qurulan bir rəqibə 0:2 hesabı ilə uduzursa, onun bu səviyyədəki yeri ciddi sual altına düşür.
Tarixi antirekordlar
Çexiya mediası məğlubiyyətin statistik baxımdan qara ləkə olduğunu xüsusi vurğulayır. “Sport.aktualne.cz” və “iROZHLAS” xəbər verir ki, “Slaviya” bu nəticə ilə ölkə futbolu tarixində acınacaqlı bir “ilk”ə imza atıb. Praqalılar avrokuboklarda Azərbaycan təmsilçiləri ilə keçirilən 13-cü matçda məğlub olan ilk Çexiya klubu olublar. Bununla yanaşı, komandanın Çempionlar Liqasının əsas mərhələsindəki qələbəsizlik həsrəti 21 matça yüksəlib, Avropadakı ümumi qələbəsizlik seriyası isə 17 oyuna çatıb. Birinci Liqa çempionunun qitənin ali turnirində sonuncu dəfə 2007-ci ildə qalib gəldiyini xatırladan mətbuat həmin gözləntinin artıq 6964 günü geridə qoyduğunu xüsusi qeyd edir. Çempionlar Liqasının 36 iştirakçısı arasında ən aşağı klub əmsalına malik “Sabah” məhz “Slaviya” üçün reabilitasiya fürsəti sayılsa da, tam əksi baş verib.
Dambrauskasın “nağılı”
Analitik nəşrlər matçın gedişatına və baş məşqçi Yindrix Trpişovskinin taktiki yanlışlıqlarına geniş yer ayırıblar. “iDNES.cz” nəşrinin Bakıdakı xüsusi müxbiri Ştepan Talski “Slaviya”nın dördlü müdafiə sisteminə keçməsinin komandanın müdafiədən çıxışında və hücum quruculuğunda ciddi axsamalar yaratdığını, futbolçuların məcburi şəkildə uzun ötürmələrə bel bağladığını bildirib.
Eyni zamanda, çex mətbuatı “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın maraqlı həyat hekayəsinə heyranlığını gizlətməyib. “Seznam Zprávy” nəşri litvalı mütəxəssis haqqında yazır ki, Litvada “Milyonçu” verilişində qazandığı pul ilə İngiltərəyə futbol təhsili almağa gedən, orada qab yuyan, pubda çalışan və bağçada uşaqlara baxan Dambrauskas indi Bakıda padşahlıq edir. Onun komandası dörd təsnifat mərhələsini keçərək Çexiya “nəhəng”ini diz çökdürməyi bacarıb.
Kobud xətalar
“Eurofotbal.cz” portalı qeyd edir ki, “Slaviya” topa daha çox nəzarət etsə və daha çox zərbə endirsə də, “Sabah” struktural olaraq çox kompakt və təhlükəli təsir bağışlayıb. Birinci hissədə ofsayd səbəbindən ləğv edilən qolundan sonra ikinci hissədə səhnəyə çıxan Kahim Parris “Sabah”ın Çempionlar Liqası tarixindəki ilk qoluna imza atıb.
“FootballClub.cz” və “Česká Televize” matçın sonlarındakı ikinci qolu “Slaviya” üçün tam bir biabırçılıq adlandırır. Qapıçı Yakub Markoviçin meydanın mərkəzinə yaxın yerdə səhvə yol verməsi, Coy-Lens Mikelsin uzaqdan boş qapını dəqiq nişan alması və topun David Mosesin ayaqları arasından keçərək qapıya daxil olması Çexiya mediasında günün ən ucuz xətası kimi qiymətləndirilib.
Trpişovskinin matçdan sonrakı etirafları da manşetlərdə yer alıb. Baş məşqçi birinci hissədə pis oynadıqlarını, ikinci yarıda vəziyyəti düzəltməyə çalışsalar da, belə səviyyədə ucuz qollar buraxmağın cəzasız qalmadığını bildirib.
Praqadakı iddialar, Bakıdakı həqiqət
Bakı Olimpiya Stadionu Çexiya futbolu üçün sanki uğursuzluq simvoluna çevrilib. Mətbuat xatırladır ki, məhz burada Petr Çex “Arsenal” forması ilə Avropa Liqasının finalını uduzaraq karyerasını bitirmişdi, 2021-ci ildə Çexiya milli komandası Avropa çempionatının dörddəbir finalında Danimarkaya uduzmuşdu, indi isə “Slaviya” öz tarixinin ən ağır avroarena fiaskolarından birini yaşadı.
“Sabah”ın qələbəsi Çexiya mətbuatı tərəfindən Azərbaycan klubunun taktiki nizamı və fərdi keyfiyyəti kimi dəyərləndirilsə də, Praqada yaradılan ümumi ab-hava dərin tənqid və məyusluqdan ibarətdir.
Ayxan Zayıdzadə