Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi dünyanın diqqət mərkəzindədir.
Prezident İlham Əliyev Azərbaycanın müstəqillik dövrünün enerji siyasətini və strateji nailiyyətlərini əhatə edən çıxışı ilə beynəlxalq ictimaiyyətə bir daha ölkəmizin enerji təhlükəsizliyi ilə əlaqədar uzunmüddətli və düşünülmüş yol xəritəsini təqdim etdi.
1990-cı illərin əvvəllərində yaranmış siyasi və iqtisadi böhran, eyni zamanda Ermənistanın təcavüzü müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün enerji sektoruna sərmayə cəlbi olduqca riskli və çətin görünürdü.
Bu mürəkkəb və qeyri-müəyyən dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyətli liderliyi nəticəsində ölkəmizdə sabitlik bərqərar oldu və beynəlxalq neft şirkətləri ilə strateji əməkdaşlıqlar quruldu.
O dövrdə imzalanmış “Əsrin müqaviləsi” yalnız iqtisadi deyil, həm də siyasi müstəqilliyin təminatına çevrildi.
İnvestisiya mühiti, enerji təhlükəsizliyi və gəlirlərin sosial-iqtisadi inkişafa yönəldilməsi ölkəmizin yüksəlişinin əsas amillərindən birinə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji diplomatiyası həmin strateji baxışın davamı olaraq regionda sabitliyin və əməkdaşlığın mühüm dayağı kimi çıxış edir.