Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“İmişli” yeni mövsümə hazırlıqlarını davam etdirir. Bölgə təmsilçisi dünən yoxlama matçında “Sumqayıt”a uduzub – 1:4.
Komandanın yeni transferi Seyxan Fərəcov “Futbolpress.az“a açıqlamasında toplanışı dəyərləndirdi:
“Demək olar, bir aydır toplaşmışıq. Hər gün həm taktiki, həm fiziki çalışmalar edirik. Çalışırıq ki, ilk oyuna qədər tam hazır olaq. Məşqçinin tapşırıqlarını maksimum yerinə yetiririk. Yoxlama oyunları bizə çox kömək oldu. Zəif tərəflərimizi gördük və bunların üzərində çalışdıq. İnanıram ki, yaxşı komanda olacağıq”.
Yoxlama matçlarında qollar vuran hücumçu seriyanı liqada da davam etdirmək arzusunda olduğunu bildirdi:
“Yoxlama oyunlarında fərqləndim, amma çalışmalıyam ki, rəsmi matçlarda da bunu davam etdirə bilim. Əsas istəyim komandanın aparıcı oyunçularından olmaqdır. Bunun üçün hər gün inkişaf etməli, əlimə düşən şanslardan maksimum yararlanmalıyam”.
Seyxan ötən mövsüm I Liqada bombardir olub. O, qarşıdakı “futbol ili”ndəki hədəflərindən söz açdı:
“Birinci Liqa ilə Premyer Liqanın səviyyəsi arasında fərq çoxdur. Düzdür, bombardir kimi elitaya gəldim. Amma indi qarşıma hansısa rəqəmi qoymamışam. Məqsədim hər oyun qol və ya məhsuldar ötürmə ilə komandaya kömək etməkdir. Premyer Liqada ilk mövsümümdür, məqsədim özümü sübut etməkdir.
Fərid müəllimlə I Liqada da birlikdə işləmiş, elitaya vəsiqə qazanmışıq. O, daim üzərində çalışan zəhmətkeş biridir. Komandamızın əsas hədəfi mübariz komanda olmaqdır. İnanıram ki, tapşırıqları maksimum yerinə yetirə bilsək, mövsümü yaxşı yerlərdə bitirəcəyik”.
Seyxan milli komandada oynamaq arzusunun olduğunu da əlavə etdi:
“Ən böyük arzularımdan biri də yığmada olmaqdır. Ümid edirəm ki, ardıcıl oyunlar oynayıb, komandama fayda verərəm və bunun nəticəsində də milliyə dəvət alaram”.
Şahin Cəfərov