Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Kəpəz” Misli Premyer Liqasının IV turunda “Şamaxı”ya uduzub – 1:4.
Gəncə təmsilçisinin hücumçusu Kennet Kalunqa “Futbolpress.az“a açıqlamasında görüşü şərh etdi:
“Qələbə üçün meydana çıxmışdıq. Azarkeşlərimiz önündə yaxşı nəticə əldə etmək istəyirdik, amma alınmadı. “Şamaxı” bizdən daha uğurlu çıxış etdi və üç xal qazandı”.
“Kəpəz” – “Şamaxı” matçını 15 min azarkeş izləyib. Bu, çempionatda mövsümün rekord göstəricisidir. Kalunqa belə atmosferdə oynamağın üstünlüyündən söz açdı:
“Böyük azarkeş kütləsi qarşısında çıxış etmək hər zaman xoşdur. Gəncəli fanatların dəstəyini hiss edirik. Yerli publika önündə oynamaq istənilən komanda üçün üstünlükdür. Hər futbolçu meydanda belə atmosferi arzulayır”.
Komandaya uyğunlaşdığını deyən hücumçu hədəflərinə toxundu:
“Uyğunlaşmaqda çətinlik çəkməmişəm. İnanıram ki, yaxın zamanda qol hesabımı açacağam. Qarşıma sayla bağlı hansısa hədəf qoymamışam. Premyer Liqada özümü sübut etmək istəyirəm. Həm qol, həm də məhsuldar ötürmələrlə komandama faydalı olmağa çalışacağam”.
Kalunqa bu yay “Mingəçevir”dən “Kəpəz”ə keçib.
Şahin Cəfərov