Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Şəfa” I Liqada 8 turdan sonra 20 xalla liderdir. Bu mövsümdən çempionatda çıxış edən Bakı təmsilçisi məğlubiyyətsiz yoluna davam edir – 6 qələbə, 2 heç-heçə.
Komandanın baş məşqçisi Elgiz Kərəmli “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:
“Sonuncu tura kimi bütün oyunlarda yaxşı çıxış etmişdik. Demək olar, hər matç ortalama üç qol vururduq. Güclü rəqiblərlə oyunlarda belə üstün tərəf biz olmuşuq, iddiamızı qoymuşuq. Sadəcə son turda “Difai” ilə matçda qol fürsətlərini dəyərləndirə bilmədik və sonda iki xal itirdik. Futbolda belə hallar normaldır. Əsas odur, liderliyimizi davam etdiririk. Məqsəd sabitliyi qorumaqdır”.
“Şəfa” Premyer Liqaya namizədlərdəndir. Mütəxəssis Bakı klubunun elitada oynamaq üçün şəraitinin olduğunu qeyd etdi:
“Şəraitimiz var. Rəhbərlik ilk gündən istədiklərimizi verir. Heyətimizi qurmuşuq, nəticələr də gəlir. Şəraitimizlə bağlı hansısa narazılığımız yoxdur”.
Mütəxəssis qışda yeni futbolçu transferlərinin olacağını da istisna etmədi:
“Qarşıda oyunlar var. Hələ transfer haqda düşünmürük. Amma yəqin, bir-iki mövqeyi gücləndirməyə çalışacağıq”.
Şahin Cəfərov