Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
Azərbaycanın diplomatik korpusunda geniş kadr dəyişiklikləri həyata keçirilib. Prezident İlham Əliyev dörd səfirin tutduğu vəzifələrdən geri çağırılması və iki yeni təyinatla bağlı sərəncamlar imzalayıb.
Marja.az xəbər verir ki, Nərgiz Akif qızı Qurbanova Azərbaycanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin digər sərəncamı ilə Fuad İsgəndərov Azərbaycanın Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Beləliklə, o, İsveçrə və Lixtenşteyndəki diplomatik fəaliyyətini başa vuraraq Azərbaycanın Polşadakı diplomatik nümayəndəliyinə rəhbərlik edəcək.
Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatdakı daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Dövlət başçısının növbəti sərəncamı ilə Məmməd Əhmədzadə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Vaqif İsmayıl oğlu Sadıqov isə Azərbaycanın Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.
Beləliklə, Fuad İsgəndərov Polşaya, Məmməd Əhmədzadə isə Belçikaya səfir təyin edilib. İsveçrə, Lixtenşteyn, Niderland və Lüksemburqdakı səfir vəzifələrinə, eləcə də Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatdakı daimi nümayəndəsi və Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrinə yeni təyinatlar olmayıb.
Sərəncamlar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndinə əsasən imzalanıb.