Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
Redaktor.az xəbər verir ki, Kayrat Sarıbay ölkəmizə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründə gəlməsindən məmnunluğunu bildirdi.
Ölkəmizin sədrlik prosesinin uğurla davam etdirildiyini deyən qonaq bütövlükdə Azərbaycanın çoxtərəfli diplomatiyada zəngin təcrübəsinin olduğunu qeyd etdi.
Kayrat Sarıbay bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və digər beynəlxalq təşkilatlarda uğurlu sədrliyini vurğuladı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin də bu müstəvidə aparıldığını dedi.
O, Azərbaycan tərəfindən konseptual sənədin təqdim olunduğu və bu sənəddə təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın gücləndirilməsi üçün geniş sahəni əhatə edən təkliflərin əksini tapdığını bildirdi.
Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin təşkilata sədrliyinin uğurla davam etdirildiyini deyərək, üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, təşkilatın institusional inkişafı və təşkilat çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da göstəriləcəyini qeyd etdi.
Bu xüsusda gənclər, media, nəqliyyat bağlantıları sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafının önəmi vurğulandı.