Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müasir beynəlxalq münasibətlərdə əlverişli coğrafi mövqeyə sahib olmaq kifayət etmir; əsas məsələ həmin mövqeyi siyasi, iqtisadi və diplomatik üstünlüyə çevirməkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kurs Azərbaycanın bu imkanlarından maksimum istifadə etməsinə şərait yaradıb. Bu gün ölkəmiz Avropa ilə Asiyanı birləşdirən fəal tərəfdaş və mühüm bağlantı mərkəzi kimi qəbul olunur.
Azərbaycan ŞƏT tərəfdaşlığı
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlığı da bu çoxşaxəli siyasətin mühüm istiqamətlərindən biridir. ŞƏT məkanında dünyanın böyük iqtisadiyyatlarının, geniş istehlak bazarlarının və zəngin enerji resurslarına malik dövlətlərin cəmləşməsi əməkdaşlığa xüsusi əhəmiyyət qazandırır. Prezident İlham Əliyevin həmin ölkələrin liderləri ilə qurduğu qarşılıqlı etimada əsaslanan münasibətlər Azərbaycanın bu geniş coğrafiyadakı mövqeyini daha da möhkəmləndirir.
Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanın coğrafi mövqeyi konkret nəqliyyat və logistika layihələri ilə tamamlanıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Şimal–Cənub marşrutu ölkəmizi Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevirir. Beləliklə, Azərbaycan ŞƏT məkanını Xəzər dənizi üzərindən Türkiyə və Avropa bazarları ilə əlaqələndirən etibarlı tərəfdaş rolunu oynayır.
Geosiyasi mərkəzlərlə münasibətlərdə milli maraqlar
Prezident İlham Əliyevin siyasətinin əsas xüsusiyyətlərindən biri Azərbaycanın müxtəlif geosiyasi mərkəzlərlə münasibətlərində milli maraqları daim ön planda saxlamasıdır. Ölkəmiz nəqliyyat, enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahələrində təşəbbüskar mövqe nümayiş etdirir. Bu yanaşma Azərbaycana beynəlxalq prosesləri kənardan izləyən deyil, regional gündəliyin formalaşmasına təsir göstərən dövlət kimi çıxış etmək imkanı verir.
Çinlə hərtərəfli strateji tərəfdaşlığın inkişafı və Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin dərinləşməsi ŞƏT istiqamətində əməkdaşlığın praktiki əsaslarını genişləndirir. Azərbaycan yalnız tranzit ərazi təqdim etmir, eyni zamanda, sabitlik, təhlükəsizlik və uzunmüddətli iqtisadi əməkdaşlıq üçün etibarlı siyasi mühit yaradır. Cənubi Qafqazda formalaşan yeni reallıqlar da ölkəmizin daha geniş Avrasiya bağlantılarında rolunun artmasına xidmət edir.
Güclü tərəfdaş
Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycanın imkanlarını düzgün qiymətləndirən və gələcək prosesləri əvvəlcədən nəzərə alan siyasi xəttinin nəticəsidir. ŞƏT-lə tərəfdaşlığın inkişafı ölkəmizin Asiya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrinin şaxələndirilməsinə, yeni bazarlara və investisiya imkanlarına çıxışına şərait yaradır. Azərbaycan bu münasibətlər sistemində özünü böyük coğrafiyaları birləşdirən, qarşılıqlı fayda yaradan və regional sabitliyə töhfə verən güclü tərəfdaş kimi təsdiqləyir.
Züriyə Qarayeva