Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri başlayır.
Dövlət başçısının səfəri Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə eyni vaxta təsadüf edir. Sammitdə bir sıra dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
Azərbaycanın da iştirak etdiyi bu platformada regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya əlaqələri və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Maraqlıdır, Prezident İlham Əliyevin Qırğızıstana səfərinin Azərbaycanın xarici siyasəti və Mərkəzi Asiya ölkələri ilə münasibətləri baxımından hansı siyasi əhəmiyyəti var?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammitində iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin göstəricilərindən biridir:
"Bu səfəri yalnız ŞƏT çərçivəsində keçirilən növbəti tədbir kimi qiymətləndirmək düzgün olmaz. Çünki Bişkekdə bir araya gələn dövlətlər dünya iqtisadiyyatı, enerji bazarları, nəqliyyat marşrutları və qlobal təhlükəsizlik gündəliyində mühüm rol oynayırlar. Azərbaycan üçün əsas məsələ milli maraqları qlobal və regional gündəmlərlə uzlaşdırmaqdır. Prezident İlham Əliyevin sammitdə iştirakı Bakının həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində formalaşan yeni geosiyasi reallıqları yaxından izlədiyini və bu proseslərdə fəal mövqe tutduğunu göstərir".
Politoloq qeyd edib ki, səfərin əsas istiqamətlərindən biri də nəqliyyat-kommunikasiya məsələləridir:
"Bu gün Orta Dəhliz sadəcə logistika marşrutu deyil, Avrasiya məkanında iqtisadi əlaqələrin yenidən qurulmasının mühüm elementlərindən biridir. Azərbaycan Xəzər üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən əsas həlqələrdən biridir. Bu baxımdan Bişkekdə keçirilən görüşlər Azərbaycanın tranzit imkanlarının, liman və dəmir yolu infrastrukturunun, eləcə də regionlararası ticarətin inkişafı baxımından əlavə siyasi imkanlar yaradır".
T.İsmayılov Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin də səfərin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb:
"Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini əhəmiyyətli dərəcədə intensivləşdirib. Hazırda Bakı ilə region ölkələri arasında siyasi dialoq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. ŞƏT kimi geniş platformalar bu əlaqələrin çoxtərəfli müstəvidə möhkəmləndirilməsinə şərait yaradır.
Bununla yanaşı, Bişkek sammiti Azərbaycanın Çinlə münasibətləri baxımından da əhəmiyyətlidir. Çin Orta Dəhlizin inkişafında mühüm tərəfdaşlardan biridir. Azərbaycan üçün Pekinlə münasibətlər yalnız investisiya və ticarət məsələləri deyil, həm də Avrasiya nəqliyyat xəritəsində uzunmüddətli strateji əməkdaşlıq baxımından önəmlidir".
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycanın çoxşaxəli xarici siyasətinin növbəti göstəricisidir:
"Prezident İlham Əliyevin bu səfərinin əsas siyasi mesajı ondan ibarətdir ki, Azərbaycan regional proseslərin yalnız iştirakçısı deyil, həm də bu prosesləri öz milli maraqları istiqamətində formalaşdırmağa çalışan aktordur. Bakı müxtəlif siyasi və iqtisadi mərkəzlərlə paralel dialoq qurmaqla öz manevr imkanlarını genişləndirir. Bu baxımdan Bişkek səfəri Azərbaycanın xarici siyasətində praqmatizm, çoxşaxəli əməkdaşlıq, milli maraqların qorunması və regional bağlantıların gücləndirilməsi xəttinin növbəti nümayişidir".
Fəridə Əsədzadə