PREZİDENT İLHAM ƏLİYEV: Azərbaycan diasporunun ən böyük hamisi

26.01.2026

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı il Azərbaycan diasporu üçün əlamətdar hadisə ilə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2026-cı il tarixli sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup diaspor fəalı müxtəlif dövlət mükafatlarına layiq görüldü.

Sərəncama əsasən Cahangir Mütəllib oğlu Novruzov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə, Məsud Rüstəm oğlu Aşina "Şöhrət" ordeni ilə, Ziya Zakir Musa oğlu Acar "Dostluq" ordeni ilə, Akif Qədir oğlu Alaferdov, Xəlil Əliməmməd oğlu Kələntər, Sevinc Kərim qızı Kərimova, Fəridə Fərhad qızı Pənahova, Bəxtiyar Tahir oğlu Siracov və Xədicə Əbdülrəhim qızı Zeynalova "Tərəqqi" medalı ilə təltif olundular.

Şübhəsiz ki, bu təltiflər Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızın fəaliyyətinə verdiyi yüksək qiymətin, diaspor quruculuğuna və milli maraqların beynəlxalq müstəvidə qorunmasına göstərilən davamlı diqqətin bariz nümunəsidir.

Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilərkən cənab İlham Əliyev andiçmə mərasimində “Mən bütün dünya azərbaycanlılarının Prezidenti olacağam” bəyanatını səsləndirəndə bəziləri bu bəyanata şübhə ilə yanaşmışdı. Lakin zaman göstərdi ki, cənab İlham Əliyev bu bəyanatı ilə həm səmimiyyətini, həm də siyasi qətiyyətini ortaya qoymuşdu. Məhz qətiyyətin və uzaqgörənliyin nəticəsi idi ki, Qarabağı Ermənistana güzəştə getmək üçün ölkəmizə beynəlxalq təzyiqlərin artdığı dövrlərdə belə İlham Əliyev bir lider olaraq Azərbaycan xalqının, o cümlədən dünya azərbaycanlılarının bədbinliyə qapılmasına imkan vermədi. Əksinə, üzərinə düşən tarixi məsuliyyəti dərk edərək Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının qurultayları da daxil olmaqla bütün tribunalardan işğal olunmuş torpaqlarımıza mütləq qayıdacağımızı, rəsmi Bakının bunun üçün lazım gələrsə, güc tətbiq etməkdən çəkinməyəcəyini bəyan etdi.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev bu vədlərinin yekunu olaraq Dünya Azərbaycanlılarının V Qurultayını 2022-ci il aprelin 22-23-də mədəniyyət paytaxtımız Şuşada gerçəkləşdirdi. Dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızın iştirak etdiyi bu toplantını Zəfər Qurultayı adlandıran Müzəffər Ali Baş Komandan dünya azərbaycanlılarını ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırdı.

Ulu öndər Heydər Əliyev Dünya Azərbaycanılılarının I Qurultayında çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü bərpa olunmasında beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız olduğunu qeyd edirdi. Tarixi şərait yetişdi və ordu-dövlət-xalq-diaspor vəhdəti ilə biz torpaqlarımızı düşmən tapdağından azad etməyə nail olduq. Ulu öndərin diaspor işi ilə bağlı yaratdığı strateji yol xəritəsi Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla zamanın siyasət müstəvisinə yönəldildi və icra olundu. İlk dəfə 30 il əvvəl 1990-cı ilin 20 Yanvar hadisələri zamanı böyük birlik nümayiş etdirən diasporumuz 30 il sonra – 2020-ci ildə yenidən dəmir yumruq kimi birləşərək milli məsələlərdə dövlətimizin yanında olduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı tarixi nitqi hazırda diaspor fəaliyyətinin əsasını təşkil edir. Ölkə başçısının xüsusilə yeni nəsil diaspora ünvanlanan hər bir fikri həm onların fəaliyyətinin əhəmiyyətlilik dərəcəsini müəyyən edir, həm də beynəlxalq informasiya məkanında rollarının çərçivələrini göstərir. Dövlət başçısının “Bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir” fikri diaspor fəaliyyəti üçün mühüm göstərişdir.

Bu gün ideoloji dəyərlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasının əsas prinsipləri Azərbaycan Prezidenti tərəfindən qorunur və uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən “Qarabağ” və Azərbaycan həftəsonu məktəbləri, Xocalı soyqırımının tanıdılması istiqamətində həyata keçirilən layihə və tədbirlər soydaşlarımızın təşkilatlanması, ümummilli məsələlərdə birliyinin təmin olunması baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Diasporun təşkilatlanması məqsədilə bu günədək dünyanın 20 ölkəsində 32 Azərbaycan Evi, 44 ölkəni əhatə edən 16 Koordinasiya Şurası təsis edilib.

Dövlət başçısının Zəfər Qurultayında diaspor təşkilatları arasında koordinasiya ilə bağlı bəzi məqamları qeyd etməsi də onu göstərir ki, Prezident İlham Əliyev xaricdə yaşayan soydaşlarımızı davamlı diqqətdə saxlayır, onlar arasında birlik və həmrəyliyin formalaşmasına ciddi önəm verir: “Əlbəttə, mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox vacibdir”.

Azərbaycan Prezidentinin diaspor fəaliyyətinə bu qədər önəm verməsi, gərgin iş qrafikinə rəğmən, bu sahəyə davamlı diqqət göstərməsi, öndə gələn diaspor fəallarını şəxsən tanıması və fəaliyyətlərini qiymətləndirməsi diaspor təşkilatlarını həm daha əzmlə çalışmağa, həm də milli məsələlərdə daha məsuliyyətli olmağa təşviq edir. Bu gün Azərbaycan diaspor təşkilatları dövlət başçısının “Bizim ailəmiz Türk Dünyasıdır, Türk Dövlətləri Təşkilatıdır” fikrindən yola çıxaraq bütün türk dövlətlərinin diasporları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью