Prezident İlham Əliyevin Daşkənddə verdiyi bəyanat ŞƏRH

28.08.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Ölkə başçısı, Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərində növbəti mühüm mərhələ oldu. Daşkənddə keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və iki dövlət başçısının danışıqların yekunlarına dair mətbuat qarşısında çıxışları göstərdi ki, münasibətlər artıq ənənəvi dostluq və qardaşlıq çərçivəsini aşaraq siyasi, iqtisadi və geostrateji müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin çıxışı səfərin nəticələrinin sadalanmasından daha geniş məna daşıyırdı. Dövlət başçısı energetikadan nəqliyyata, investisiyadan Qarabağda həyata keçirilən layihələrə qədər əməkdaşlığın müxtəlif istiqamətlərini vahid siyasi mənzərədə təqdim etdi. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinə dair səsləndirilən fikirlər çıxışın strateji xəttini müəyyənləşdirdi.

Səfərin mühüm nəticələrindən biri Azərbaycan və Özbəkistan prezidentlərinin “Əbədi dostluq haqqında Müqavilə”ni imzalaması oldu. Bununla yanaşı, ticarət, investisiya, turizm, mədəniyyət və sosial sahələri əhatə edən sənədlər, eləcə də Xankəndi–Ürgənc, Naxçıvan–Ürgənc və Laçın–Buxara arasında qardaşlaşma münasibətlərinin yaradılması ilə bağlı razılaşmalar qəbul edildi.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də səfəri “mübaliğəsiz tarixi əhəmiyyət” daşıyan hadisə kimi qiymətləndirdi və Azərbaycanı “etibarlı müttəfiqimiz, strateji tərəfdaşımız və qardaş dövlət” adlandırdı. Onun Prezident İlham Əliyevin siyasi kursunu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini və Qarabağda aparılan quruculuq işlərini xüsusi vurğulaması Daşkəndin Azərbaycanla münasibətlərə verdiyi yüksək qiymətin göstəricisidir.

İqtisadi əməkdaşlıq Prezident İlham Əliyevin çıxışında konkret rəqəmlərlə təqdim edildi. Dövlətimizin başçısı 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinin yaxın perspektivdə reallaşa biləcəyini bildirdi. Səfər zamanı ticarət dövriyyəsinin 2030-cu ilədək bu həddə çatdırılması üzrə xüsusi proqramın qəbul olunması həmin hədəfin artıq konkret fəaliyyət planına çevrildiyini göstərir.

Energetika, nəqliyyat, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı və emal sahələrində nəzərdə tutulan layihələr isə əməkdaşlığın miqyasını daha da genişləndirir. Cənab Prezident söhbətin artıq milyardlarla dollarlıq investisiya perspektivindən getdiyini vurğuladı. Azərbaycan biznesinin Özbəkistandakı mövqelərinin genişlənməsi, SOCAR-ın ölkənin pərakəndə yanacaq bazarına daxil olması və neft-qaz layihələri də bu dinamikanın göstəricilərindəndir.

Çıxışın ən mühüm siyasi mesajlarından biri Prezident İlham Əliyevin “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi regiondur” fikri oldu. Bu yanaşma Xəzəri iki regionu ayıran deyil, onları nəqliyyat, enerji və ticarət vasitəsilə birləşdirən məkan kimi təqdim edir. Şavkat Mirziyoyev də Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulmasını Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid etimad və qarşılıqlı bağlılıq məkanının formalaşması baxımından mühüm addım kimi qiymətləndirdi.

Bu baxımdan Bakı–Daşkənd xətti artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, Mərkəzi Asiyanı Xəzər üzərindən Cənubi Qafqaza, Türkiyəyə və Avropaya bağlayan daha geniş siyasi və iqtisadi arxitekturanın tərkib hissəsi kimi çıxış edir.

Prezident İlham Əliyevin çıxışında Qarabağla bağlı səsləndirilən fikirlər də xüsusi məna daşıyırdı. Dövlət başçısı Prezident Şavkat Mirziyoyevin azad edilmiş ərazilərin bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirdi. Füzulidə inşa olunan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəb, eləcə də Xankəndidə həyata keçirilən investisiya layihələri bu qardaşlığın konkret ifadəsidir.

Qardaşlıq rəmzləri Özbəkistanda da öz əksini tapır. Səfər zamanı Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılması və Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması iki xalqın mədəni yaxınlığının yeni simvollarına çevrildi. Nizami Gəncəvi və Əlişir Nəvainin irsinə həsr olunacaq birgə film, Azərbaycan Mədəniyyəti Günləri və digər humanitar layihələr də bu əlaqələrin genişliyini göstərir.

Səfər Özbəkistan mediasında da geniş işıqlandırıldı. Kun.uz Şavkat Mirziyoyevin “Azərbaycan- etibarlı müttəfiqimiz, strateji tərəfdaşımız və qardaş dövlətdir” fikrini başlığa çıxardı. Daryo.uz isə “Özbəkistan və Azərbaycan Əbədi dostluq haqqında Müqavilə imzaladı” başlığı ilə səfərin əsas siyasi nəticəsini ön plana çəkdi. Özbəkistan Prezidentinin rəsmi informasiya resursunda da səfər tarixi əhəmiyyətli hadisə kimi təqdim olundu.

Bu media mənzərəsi göstərir ki, Azərbaycan–Özbəkistan münasibətlərinə verilən yüksək qiymət yalnız Bakıdan səslənmir. Daşkəndin siyasi diskursunda və aparıcı mediasında da Azərbaycan müttəfiq, strateji tərəfdaş və yeni regional əməkdaşlıq sisteminin mühüm iştirakçısı kimi təqdim olunur.

Ölkə başçısı cənab İlham Əliyevin Daşkənddəki çıxışının əsas xüsusiyyəti gələcəyi yalnız siyasi bəyanatlarla deyil, konkret layihələr və ölçülə bilən hədəflərlə təqdim etməsi idi. Bir tərəfdə ortaq tarix, dil, mədəniyyət və qardaşlıq hissləri, digər tərəfdə isə milyardlarla investisiya, yeni nəqliyyat marşrutları, enerji və sənaye layihələri dayanır.

Aytən Qurbanova
YAP Yasamal rayon “H.B.Zərdabi pr.61” (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью