Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ümumdünya İqtisadi Forumu müasir dünyanın əsas çağırışlarının, iqtisadi qeyri-sabitlik, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, səhiyyə riskləri və qlobal ticarət marşrutlarının transformasiyasının müzakirə edildiyi ən nüfuzlu beynəlxalq platformalardan biridir. Cənab Prezident İlham Əliyevin Davos çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın bu qlobal gündəlikdə oynadığı mühüm rolu və strateji tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirir”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Nicat İsmayılov bildirib ki, yanvar ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BTG Pactual” şirkətinin sədri Andre Esteves ilə görüşüb. Görüş zamanı Azərbaycanın iqtisadi inkişaf strategiyası, maliyyə sektorunda aparılan islahatlar, qeyri-neft sektorunun genişləndirilməsi və beynəlxalq investisiyaların cəlb olunması məsələləri müzakirə edilib.
Nicat İsmayılov
“Prezident İlham Əliyev Azərbaycanın sabit makroiqtisadi göstəricilərə, güclü fiskal intizama və şəffaf investisiya mühitinə malik olduğunu vurğulayıb. Bu görüş Azərbaycanın Latın Amerikası maliyyə institutları ilə əməkdaşlığını genişləndirmək niyyətini, eləcə də ölkəmizin qlobal kapital axınları üçün cəlbedici istiqamətə çevrildiyini göstərir”-deyə qeyd edib.
“Prezident İlham Əliyevin yanvarın 19-da Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşü Azərbaycanın yaşıl enerji siyasəti baxımından xüsusi əhəmiyyət kəsb edir. Görüşdə külək enerjisi sahəsində əməkdaşlıq, Xəzər dənizinin böyük potensialının reallaşdırılması və Azərbaycanın regional yaşıl enerji mərkəzinə çevrilməsi perspektivləri müzakirə olunub.
Dövlət başçısı Azərbaycanın bərpaolunan enerji strategiyasının ölkənin uzunmüddətli inkişaf modelinin əsas sütunlarından biri olduğunu qeyd edib. Bu görüş bir daha sübut edir ki, Azərbaycan qlobal iqlim gündəliyində fəal iştirak edən, enerji keçidinə real töhfələr verən məsuliyyətli dövlətdir”-deyə politoloq bildirib.
“Yanvarın 19-da Prezident İlham Əliyevin Davosda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşü baş tutub. Görüşdə qlobal səhiyyə təhlükəsizliyi, pandemiyalara hazırlıq, səhiyyə sistemlərinin dayanıqlığının gücləndirilməsi və Azərbaycan-ÜST əməkdaşlığının gələcək istiqamətləri müzakirə edilib.
Prezident İlham Əliyev Azərbaycanın səhiyyə sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar, müasir tibbi infrastrukturun yaradılması və beynəlxalq humanitar təşəbbüslərə verdiyi töhfələr barədə məlumat verib. Bu görüş Azərbaycanın yalnız regional deyil, qlobal səhiyyə gündəliyində də məsuliyyətli və etibarlı tərəfdaş kimi çıxış etdiyini nümayiş etdirir”-deyə Nicat İsmayılov qeyd edib.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 19-da Davosda dünyanın ən böyük liman operatorlarından biri olan “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb. Görüşdə beynəlxalq logistika marşrutları, liman infrastrukturu, nəqliyyat dəhlizlərinin inkişafı və Azərbaycanın regional tranzit mərkəzinə çevrilməsi məsələləri geniş müzakirə olunub.
Prezident İlham Əliyev Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində tutduğu strateji mövqeyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının artan əhəmiyyətini və regionda logistik təhlükəsizliyin təmin olunmasında oynadığı rolu vurğulayıb. Bu görüş Azərbaycanın qlobal ticarət zəncirlərində mühüm halqaya çevrildiyini və beynəlxalq logistika şirkətləri üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri və Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycanın qlobal siyasət və iqtisadiyyatda artan çəkisini aydın şəkildə ortaya qoyur. Maliyyə, enerji, səhiyyə və logistika sahələrini əhatə edən bu görüşlər göstərir ki, Azərbaycan çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq əməkdaşlığın fəal iştirakçısıdır.
Bu səfər bir daha sübut edir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə regional deyil, qlobal miqyasda da etibarlı tərəfdaş, strateji aktor və beynəlxalq gündəliyə real töhfələr verən dövlət kimi mövqeyini möhkəmləndirir”-deyə Nicat İsmayılov bildirib.
İradə Cəlil, Bizimyol.info