Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi regional və qlobal proseslərə ədalətli və dürüst yanaşmanı əks etdirir

22.01.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın nüfuzlu media orqanlarından olan “Euronews” telekanalının Davosda, Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevdən müsahibə götürməsi Azərbaycan Liderinə olan xüsusi diqqətin və dünya miqyasında yüksək nüfuzunun nümunəsi kimi qiymətləndirilir.

Müsahibədə dövlət başçımıza ünvanlanan sualların tematikası da ona dəlalət edir ki, cənab Prezident qlobal miqyaslı nadir siyasətçi kimi qəbul edilməklə yanaşı, onunla dialoqda olmaq xarici media auditoriyası üçün böyük maraq doğurur. Onun qlobal proseslərə özünəməxsus baxış tərzi və obyektiv yanaşması müsahibəni izləyənlərin böyük marağına səbəb olmaqla, digər media orqanları üçün də dəyərli fakt, arqument yaradır. 
Prezident İlham Əliyevin son dövrlərdə beynəlxalq hüququn işləməməsinə və dünya nizamının pozulmasına dair yetkin fikirləri faktiki olaraq artıq qlobal reallıq kimi qəbul edildiyindən mövzuya “Euronews”un müraciət etməsi də təsadüfi deyildi. Bu suala cavab verən cənab Prezident beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmədiyini xatırladaraq ölkələrin artıq hüquq və ədalətin bərpa olunması üçün öz güc imkanlarına güvənməli olduğunu anlatdı.

Bu beynəlxalq praktikanın ən yaxşı nümunəsi Azərbaycanın timsalında görünə bilər. Azərbaycan öz siyasi inkişaf qüdrətinə arxalanaraq suverenliyi və ərazi bütövlüyünü beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun bərpa etməklə təkbaşına hüququn aliliyini təmin etdi. Beynəlxalq münasibətlərin qanunun aliliyi deyil, güc qaydası ilə idarə edilməsi artıq dünyanın müxtəlif yerlərində də müşahidə olunur. Bu isə yeni geosiyasi reallıq olmaqla, hər ölkənin öz strategiya və siyasətini öz potensialına uyğunlaşdırılmasını, sərhədləri boyunca sabitliyin daha etibarlı və möhkəm olmasını labüd edir. Sabitlik və özünütəminetmə immuniteti zəifləyəndə isə ölkədə daxili risklər də qaçılmaz olur.
Bu, İranda baş verən son proseslərin fonunda daha aydın nəzərə çarpdı. Azərbaycan Prezidentinin bu məsələyə münasibəti də qərəzsiz, dəqiq və obyektiv oldu. Qeyd edildiyi kimi hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir, dayanıqlı sabitlik uğurun əsas formullarından biridir: “Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur”. 

Mövcud situasiyalar fonunda möhkəm sabitliyin Cənubi Qafqaz regionu üçün hansı dərəcədə əhəmiyyət daşıdığı daha önə çıxır. Eyni zamanda, sabitlik faktorunun birbaşa inkişafın açarı olması siyasi gerçəklik kimi özünü təsdiq edir. 

Prezident İlham Əliyevin yerləşdiyimiz regionda sabitlik və sülh üçün yorulmaz çalışqanlığı da məhz buna əsaslanır ‒ Cənubi Qafqaz inkişaf edərək inanılmaz rifah cəmiyyətinin məkanına çevrilsin. Prezident bu istiqamətdə daim mübarizə aparır, imkansız görünənləri mümkün edir. Onun əvəzsiz xidmətləri və sülh quruculuğu sahəsindən fəaliyyətlərinin bəhrəsidir ki, bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur:

“Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq”. 

Dövlət başçımızın Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondunun “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də məhz Qafqazda sülhün qurulmasında və humanitar əməkdaşlığın təsis edilməsində göstərdiyi davamlı səylərə verilən ali dəyərdir. 
Müsahibədə diqqət çəkən mühüm detallardan biri Azərbaycanın post-müharibə və yeni rifah dövründə Avropa Parlamenti tərəfindən ədalətsizliklərə məruz qalması ilə bağlı idi. Cənab Prezidentin bu suala cavabı olduqca sərrast idi.

Vurğulandığı kimi, Avropa Parlamentinin bu cür münasibətinin kökündə açıq qərəz dayanır və müstəqil siyasətimizi həzm edə bilməyən xüsusi lobbi qrupları, xüsusi qüvvələr hələ də dünyada ədalətsiz yanaşmanı dəyişmək istəmir. Azərbaycan haqlı olaraq riyakar və ənənəvi qərəzli mövqeyindən əl çəkməyən Avropa Parlamenti və AŞPA ilə heç bir fayda verməyən əməkdaşlığı dondurub. Hətta Ermənistanın Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi və normal qonşuluq əlaqələri inşa etməyə başladığı, etimad mühitinin bərqərar olduğu bu münbit dövrdə belə bu Qərb təsisatlarının Azərbaycana münasibətinin dəyişməməsi onları qəribə vəziyyətə salır.
Halbuki bütün demokratik və ədalətli dövlətlər Azərbaycanın nümayiş etdirdiyi sülh diplomatiyasını alqışlayır. 2025-ci ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından sonra rəsmi Bakının sülhpərvər mövqeyi artıq bir çox region üçün nümunə çəkilir. Bütün bu əsaslı dəyişikliklərin qarşılığında Avropa Parlamentinin səssiz qalması əlbəttə, təəssüf və təəccüb doğurur.
Sözsüz ki, regional inteqrasiyaları və humanitar həmrəylik təşəbbüslərinin yaratdığı yeni reallıqları görə bilməyən bu cür təsisatlarla Azərbaycanın əməkdaşlığından qətiyyən söhbət gedə bilməz. 

Azərbaycan dost və etibarlı tərəfdaşdır, ona uzadılan əli geri çevirmir və son 5 ildə regional enerji və nəqliyyat, infrastruktur quruculuğunun önündə gedən Avropa Komissiyası ilə faydalı əməkdaşlığı da bunu təsdiqləyir. 
Eləcə də, bir çox Avropa dövləti ilə inkişaf edən iqtisadi-ticari-investisiya əlaqələrinin gündəliyi daha da genişlənir, enerji-kommunikasiya bağlantıları öz coğrafiyasını şaxələndirərək Şərqi və Mərkəzi Avropadan Qərbi Avropaya keçid alır. Bu enerji əməkdaşlığının növbəti uğuru kimi 2026-cı ilin ilk günlərində Avstriya və Almaniyaya Azərbaycan qazının nəqlinə başlanıldı, artıq 16 ölkəyə təbii qaz ixrac edən ölkəmizin tərəfdaşlarının mütləq əksəriyyəti Avropa İttifaqına üzv ölkələrdir. Bütün bunlar Aİ-Azərbaycan münasibətlərinin nümunəvi formatı olmaqla, qarşılıqlı etibar və möhkəm etimadı əks etdirir. 

Ümumilikdə, müsahibədə səsləndirilən digər fikirlər Azərbaycanın siyasi-iqtisadi nüfuzunu, beynəlxalq arenada etibarlı və sadiq tərəfdaş mövqeyini, Prezident İlham Əliyevin möhtəşəm siyasi liderlik keyfiyyətlərini növbəti dəfə nümayiş etdirdi.

Eyni zamanda, müsahibədə verilən mesajlar Azərbaycanın liderliyi ilə regionda reallaşan enerji-nəqliyyat, logistika, bərpaolunan enerji layihələri ilə bağlı qlobal tərəfdaşlara əməkdaşlıq üçün yeni istiqamətlər vermək baxımından da mühüm əhəmiyyət kəsb edir.

Ramid Namazov, 
Milli Məclisin deputatı 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью