Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müstəqil Azərbaycanın müasir inkişaf mərhələsində gənclər siyasəti dövlət idarəçiliyinin əsas istiqamətlərindən biri kimi formalaşmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və intellektual həyatında fəal iştirakını təmin etmişdir. Dövlət başçısının strateji yanaşması nəticəsində gənclər siyasəti ayrı-ayrı təşəbbüslər deyil, uzunmüddətli inkişaf məqsədlərinə xidmət edən vahid və davamlı xətt kimi həyata keçirilir.
Dövlət başçısının həmişə vurğuladığı kimi, müstəqil, sabit və özünə güvənən ölkədə yaşayan gənclər bu imkanlardan maksimum istifadə etməli, həm şəxsi inkişaflarını, həm də dövlətə fayda verməyi əsas məqsəd kimi müəyyən etməlidirlər. Bu baxış Prezident İlham Əliyevin gənclər siyasətinin fəlsəfi əsasını təşkil edir və gənclərin fəallığa, təşəbbüskarlığa və məsuliyyətə təşviq edilməsinə yönəlib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm nəticələrindən biri gənclər arasında özünəinam hissinin güclənməsi olmuşdur. Gənclərin potensialının üzə çıxarılması, savadlı və vətənpərvər kadrların yetişdirilməsi, gənc ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar gəncləri ölkənin aparıcı qüvvəsinə çevirmişdir. Bu siyasət gənclərin ictimai-siyasi proseslərdə rolunun artmasına və kreativ gənclik modelinin formalaşmasına şərait yaratmışdır.
2007-ci ilin “Gənclər ili” elan edilməsi Prezident İlham Əliyevin gənclərə strateji yanaşmasının mühüm göstəricisi olmuşdur. Bu təşəbbüs gənclərin sosial, mədəni və ictimai fəallığını artırmaqla yanaşı, ölkənin bütün bölgələrində “Gənclər evi” sosial xidmət müəssisələrinin yaradılmasına təkan vermişdir. “Gənclər evi” şəbəkəsi gənclərin vətənpərvər ruhda tərbiyə olunması, sosiallaşması və asudə vaxtının səmərəli təşkili baxımından mühüm rol oynayır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikasının Gənclər Fondu gənclər siyasətinin maliyyə və layihə mexanizmlərini gücləndirmişdir. Fondun qrant proqramları elm, təhsil, innovasiya, sosial təşəbbüslər və beynəlxalq əməkdaşlıq sahələrində minlərlə gəncin ideyasının reallaşmasına imkan yaratmışdır. Bu institut gənclərin təşəbbüslərinin dövlət tərəfindən birbaşa dəstəklənməsi modelini formalaşdırmışdır.
Azərbaycanın beynəlxalq gənclər və mədəniyyət məkanında mövqeyinin möhkəmləndirilməsi də Prezident İlham Əliyevin gənclər siyasətinin mühüm istiqamətlərindəndir. “Bakı Eurovision–2012”, Gəncə şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi, beynəlxalq forum və festivallar gənclərin qlobal proseslərdə iştirakını genişləndirmiş, Azərbaycanın müasir və dinamik gənclik ölkəsi imicini formalaşdırmışdır.
Gənc kadrların irəli çəkilməsi siyasəti “Yüksəliş” müsabiqəsi vasitəsilə institusional xarakter almışdır. Bu müsabiqə idarəçilik bacarıqları yüksək olan gənclərin aşkara çıxarılmasını, dəstəklənməsini və dövlət idarəçiliyində kadr ehtiyatı bankının formalaşdırılmasını təmin edir. Paralel olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti gənclərin peşəkar bacarıqlarının və əmək bazarına uyğunluğunun artırılmasına xidmət edir.
Könüllülər hərəkatının genişlənməsi Prezident İlham Əliyevin sosial həmrəylik və vətəndaş məsuliyyəti modelinin tərkib hissəsidir. “Könüllülər ili” çərçivəsində bu hərəkat gənclər arasında xeyirxahlıq, sosial məsuliyyət və ictimai fəallıq dəyərlərinin möhkəmlənməsinə mühüm töhfə vermişdir.
Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda yetişdirilməsi siyasəti xüsusilə Vətən müharibəsi dövründə öz tarixi nəticəsini göstərmişdir. Rəşadətli Azərbaycan Ordusunun sıralarında döyüşən gənclərimizin qəhrəmanlığı dövlətin gənclər siyasətinin ideoloji düzgünlüyünü təsdiqləmişdir. Gənclər təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də fəal mövqe nümayiş etdirərək Azərbaycanın haqq səsini dünyaya çatırmışlar.
İdman siyasəti Prezident İlham Əliyevin gənclərə yönəlik strategiyasının mühüm istiqamətidir. Olimpiya İdman Komplekslərinin yaradılması, Avropa Oyunları və digər beynəlxalq yarışlar gənclərin sağlam həyat tərzinə cəlb olunmasını və Azərbaycanın idman ölkəsi kimi mövqeyinin güclənməsini təmin etmişdir. Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar bu siyasətin real nəticəsidir.
Gənclərin xaricdə təhsili üzrə dövlət proqramları “qara qızılın insan kapitalına çevrilməsi” strategiyasının əsas tərkib hissəsidir. Minlərlə azərbaycanlı gəncin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alması ölkənin elmi və intellektual potensialını gücləndirmiş, qlobal biliklərin milli inkişaf prosesinə inteqrasiyasını təmin etmişdir.
Dördüncü Sənaye İnqilabı dövründə Prezident İlham Əliyevin gənclərə verdiyi önəm texnologiya, innovasiya və süni intellekt sahələrində özünü göstərir. Bu istiqamətdə keçirilən düşərgələr, müsabiqələr və layihələr gənclərin qlobal texnoloji trendlərə uyğunlaşmasını sürətləndirmişdir.
2025-ci il ərzində həyata keçirilmiş genişmiqyaslı gənclər proqramları, düşərgələr, forumlar və beynəlxalq tədbirlər gənclərin vətəndaşlıq fəallığını, liderlik keyfiyyətlərini və milli şüurunu daha da möhkəmləndirmişdir. “Konstitusiya və Suverenlik İli”, “Zəfərin 5 ili” çərçivəsində keçirilən tədbirlər gənclərin dövlətçilik ideyalarına bağlılığını gücləndirmişdir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin gənclər siyasəti müasir Azərbaycanın dayanıqlı inkişaf modelinin əsas sütunlarından biridir. Bu siyasət gənclərin intellektual, fiziki və mənəvi potensialına əsaslanaraq, onları dövlətin strateji tərəfdaşına çevirir və Azərbaycanın gələcəyini güclü insan kapitalı üzərində qurur.
Beyləqan Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, İctimai-siyasi və humanitar məsələlər sektorununun baş məsləhətçisi Fatma Xıdırlı